"O suyu Allah özü mənə yetirir"
12 May 2016 14:14 MədəniyyətSon vaxtlar, müxtəlif xəbər portalları xalq artisti, prezident təqaüdçüsü Nisə Qasımovanın növbəti dəfə səhnədən getməsi haqda xəbərlər dərc edirdilər. Bütün bunların başında isə xalq artistinin sosial şəbəkədə yazdığı son statusu dururdu.
Milli.Az bildirir ki, atv.az məsələyə aydınlıq gətirmək məqsədi ilə Nisə Qasımovadan müsahibə alıb. Müsahibə zamanı o, bir çox məqamların üstünü açdı.
- Salam, Nisə xanım.
- Salam.
- Bir neçə gündür müxtəlif xəbər saytları sizin sənətdən getməyiniz haqda xəbərlər paylaşırdı. Bəlkə, jurnalistlər "İnstagram" hesabınızda yazdığınız sözləri düzgün anlamayıblar?
- Əslində mən sosial şəbəkədə yazdım ki, "Müğənnilik sənətini mənə sevdirənə də, nifrət etdirənə də əhsən. Bu sənətdən vaxtında getmək lazımdır". Təbii ki, məndən də çox təcrübəli və ya az təcrübəli olan müğənnilər var. Onların da bəzən həyatında belə məqamlar olur ki, onlar kiminsə sayəsində öz sənətinə nifrət edirlər. Bu nə ilə bağlıdır? Bəzən mən bir mahnını layihə kimi öz üzərimə götürürəm. Əlbəttə, bir mahnı 3 dəqiqə, maksimum 5 dəqiqə olur. Bəyənən bəyənir, bəyənməyən bəyənmir. İndiki zövqlər mənim üçün anlaşılmaz dərəcədə müxtəlifdir. Fanatlar, dostlar, yaxın adamlar mahnı haqda hərə bir fikir söyləyir. Bunu belə oxuyun, burasını belə edin. Onlara mən hər dəfə məcbur oluram təkrar edim ki, ay bacım - qərdeşim, (mənim məşhur ifadələrimdən biri - red.) mənim öz üslubum, öz musiqi yanaşmam var. Mən Nisə Qasımova olaraq öz ampluamdan çıxa bilmərəm. Bəli, mənim repertuarımda elə mahnılar olur ki, müəyyən rəqslər, jestlər tələb edir. Görəndə ki işimə müdaxilə edirlər, bu heç xoşuma gəlmir. Yəni mən bu qədər özümü savadsız, təcrübəsiz müğənni kimi göstərmişəm ki, mənə kənardan nəsə desinlər? O sözləri deyən kimlərdir? Hansılara ki, öyüd-nəsihət verirsən. Mən hər zaman gənc ifaçıları milli musiqimizi, milli-mənəvi dəyərlərimizi qorumağa səsləmişəm. Hətta müasir musiqi ifaçıları unutmamalıdırlar ki, bütün janrlarda olan mahnılar muğamlarımızdan qaynaqlanırlar. Milli musiqimizə müdaxilə etmək olmaz. İllərlə təcrübə yığan bir müğənniyə nə isə diqtə etmək olmaz. Mən gördüm ki, bəzi dəyər verdiyim şəxslər mənə diqtə edirlər. Düşündüm ki, bəlkə, onlar utanırlar desinlər ki, sənətdən getmək vaxtınızdır. Niyə mən getməliyəm? Əgər mən getsəm, deyəcəyəm ki, gedirəm.
- Səhnədən getməyinizə nə səbəb ola bilər?
- Buna səbəb mənim səhhətim ola bilər. Bir də tək mən deyil, hər bir kəs əgər onun sənət missiyasında bazası tükənibsə və oxumaq qabiliyyəti qalmayıbsa, xırıldaya-xırıldaya oxumaqdansa səhnədən getməsi yaxşıdır. Elə gənc ifaçılar var ki, onların da vaxtından səhnədən getmələri bizim sənətimizə paklıq, duruluq gətirə bilər.
- Verilişiniz "Mənim dünyam" adlanır. Sizin dünyanızın insanları nə ilə fərqlənir?
- Mənim dünyamın insanları ilk növbədə dürüst, humanist, duyğusal olmalıdırlar. Bu sənətdə olan insanlar duyğusallıqlarını itirməsələr, daha yaxşıdır. Məhz bu xüsusiyyətlərə malik olan insanlar mənim dünyamca olurlar.
- Az sayda klipinizin olmasının səbəbi nədir?
- Təəssüf edirəm ki, mənim kliplərim çox azdır. Ən başlıca səbəblərdən biri odur ki, mən özümü səhrada suya ehtiyacı olan bir ağaca bənzədirəm. O suyu Allah özü mənə yetirir. Mənim bu sənətdə heç vaxt sponsorum olmayıb, amma indiki zamanda bir neçə ay sənətdə olan insanlar, təbii ki, mənim çəkdiyim kliplərdən daha çox və daha yaxşı qiymətə kliplər çəkə bilirlər. Onların kliplərinin yanında mənim sadə kliplərimə irad tutulmasın deyə klip çəkmirəm.
- Amma siz dediyiniz o sadə kliplərdə sənət var
- Təşəkkür edirəm. Son zamanlar mənə çox yardımçı olan, klip çəkilişlərində mənə dəstək olan rejissor Nail Naiboğluya minnətdarlığımı bildirirəm. Bir də əlbəttə ki, bəstəkar İsmayıl Əlizadəyə təşəkkürümü bildirməliyəm ki, mən oxumaq istəməyəndə belə, o mənə yazır ki, siz mütləq oxumalısınız. Əgər mənim həyatımda bu cür mənə dəstək olan insanlar varsa mən doğrudan da, xoşbəxt insanam.
- Nisə Qasımova sevənləri yeni mahnılar gözləyir?
- Elə adını çəkdiyim bəstəkar İsmayıl Əlizadə mənim üçün yeni mahnı yazıb - "Bənövşə deyiləm mən". Çox maraqlı mahnıdır. Hələ ki, tənbəllik edib lentə ala bilmirəm. Onu da deyim ki, mahnının sözləri bayatılardan götürülüb. Yeni bir fars mahnısı da var, Ququşun repertuarından.
- Konsert olacaqmı?
- Konsert çətin başa gələcək bir şeydir. Yardımçının olmamasından konsert verə bilmirəm. Mənim edəcəyim konsert üçün həm də güclü prodüser lazımdır. Xalq artisti, prezident təqaüdçüsü Nisə Qasımovaya layiq konsert keçirtmək hər adamın işi deyil.
- Vaxt ayırıb, müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm.
- Siz sağ olun. Sonda yenə də demək istəyirəm ki, əgər sənət tükənirsə, müğənni səhnədən vaxtında getməlidir.