“Koroğlu” operasının DVD diskinin təqdimatı keçirilib

Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının DVD diskinin təqdimat mərasimi keçirilib. DVD əməkdar artist Ramil Qasımovun Koroğlu obrazını ifa etdiyi opera əsasında hazırlanıb. Gecədə, Azərbaycanın canlı korifeyi, bəstəkar Arif Məlikov, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, xalq artisti İlham Namiq Kamal, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbəri Akif Məlikov, eyni zamanda tanınmış ictimai xadimlər, sahibkarlar, dövlət və hökumət nümayəndələri iştirak ediblər. Qonaqların hər birinə "Koroğlu" DVD-si təqdim edilib.

Təqdimatdan sonra, Ramil Qasımov Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına xorun müşayiəti  ilə (dirijorlar əməkdar incəsənət  xadimi Nazim Hacəlibəyov və Şəhla Ələkbərova) konsert proqramı ilə çıxış edib. Açıq hava altında keçirilən mərasimdə çıxış edən Ramil Qasımov bildirib ki, Azərbaycan prezidenti müvafiq sərəncamına əsasən bu günü sahibkarlıq günü elan edib. O bildirib ki, həmçinin bu gün Azərbaycan professional musiqisinin banisi dahi  Üzeyir bəyin şah əsəri olan "Koroğlu" operasının DVD diskinin  təqdimat mərasimidir: "Opera və Balet Teatrının yaradıcı və texniki heyəti bu  tamaşanı yüksək peşəkarlıqla ifa ediblər və edirlər. Azərbaycan Televiziyası bu  operanı  yüksək  texniki  avadanlıqla lentə  alıb və bu gün "Azərsun Holding" şirkəti bu tamaşanı DVD şəklində böyük tirajla çap edib, dünyaya  təbliğ  edir. Bu hadisə əslində böyük tarixi bir mədəni uğurdur, çünki, Azərbaycan milli dəyərlərini özündə qoruyan bu opera bizim klassik janrda zirvədə olan bir operamızdır". Ramil  Qasımov çıxışında onu da bildirib ki, bu gün Azərbaycanda gənclərə qayğı və diqqət əvəzsizdir: "Biz hər birimiz dövlətimizə, xalqımıza, nədəsə faydalı olmağa çalışırıq. Ölkəmizdə  saysız hesabsız gənclər var. Onlardan da biri  mənəm. Hər zaman göstərilən etimadı dogrultmağa çalışıram və bundan sonrakı fəaliyyətimdə də, sədaqətlə xidmət edəcəyəm. DVD-nin işıq üzü görməsində, eyni zamanda tədbirin keçirilməsində əziyyəti olan və tədbirə təşrif buyuran hər kəsə təşəkkür edirəm".

Tədbirdə çıxış edən "Azərsun Holding"in prezidenti Abdulbari Gözəl də Ramil Qasımovu bu uğur münasibəti ilə təbrik edib və ""Koroğlu" operasının Azərbaycan musiqi mədəniyyətinin əvəzolunmaz sənət əsəri adlandırıb. O bildirib ki, Ramil Qasımov istər Azərbaycan musiqi mədəniyyətində, istərsə ictimai fəaliyyətində töhfələr verən və uğur qazanan gənclərdəndir.

Tədbirdə Ramil Qasımovun ifasında sözləri Səməd Vurğuna, musiqisi Arif Məlikova məxsus olan "Azərbaycan" mahnısı da səslənib. Vokalçının ifasında sözügedən mahnını çox bəyənən xalq artisti Arif Məlikov bildirib ki, bu musiqi Ramilin ifasında özünəməxsus alınıb: ""Koroğlu" operasının DVD diskinin çıxarılması həqiqətən də bir tarixdir. Bu disk hər bir azərbaycanlının, Azərbaycanı sevən hər kəsin evində olmalıdır". A.Məlikov, Ramil Qasımova gələcək fəaliyyətində də uğurlar diləyib. 

Qeyd edək ki, gecədə Ramil Qasımovun ifasında Azərbaycan və dünya klassik nümunələri ifa olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31