"İlhamə Quliyeva hər gün yuxuma girir"
29 Mart 2016 16:43 MədəniyyətHər cümə axşamında İlhamə Quliyevanın məzarını ziyarət edirəm. Mən sağlığında onunla necə idimsə, indi də eləyəm. Bir mövqeyi olan insanam. Bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. Müğənni mərhum xalq artisti İlhamə Quliyeva ilə mehriban münasibətinə görə onu çox qınadıqlarını bildirib: "Sağlığında ona münasibətim necə idisə, indi də eləyəm. İlhamə xanıma görə məni çox qınayanlar oldu, amma dəyişə bilmərəm. O, mənim çox istədiyim bir dostum idi. İndi onu daha çox sevir və qısqanıram. Onun yoxluğu məni hamıdan küsdürüb. O, elə-belə sənətkar deyildi. Çox vəfalı, etibarlı, dövlətini sevən qadınıydı. Daxilən özünü bir qadın kimi tənha hiss edirdi. Ona görə də hərdən tikanları ilə ətrafındakıları sancırdı, özünü qorumaq üçün. Hara gedirdisə, hamının diqqəti onun üstündə olurdu. Onun yeri incəsənət aləmində hər zaman görünəcək".
F.İbadova mərhumun dəfələrlə onun yuxusuna girdiyini bildirib:
"Hətta tərəf müqabilim Cavanşir Məmmədovun da yuxusuna girib. Bir dəfə yuxuda gördüm ki, səhnədədir, gözəl libas geyinib oturub. Nə qədər səslədik, heç kimlə danışmadı. Bunu başqalarına danışanda, yozdular ki, çoxlarından küsülü getdi. Ölümündən sonra nə qədər ona yaraşmayan sözlər yazdılar. Ana-bala arasında söz-söhbət olur. Özləri ayırd edərdi. Amma sənət baxımından elə şey etməzdilər. Bunu sənət adamları edirdi. Bu aləmdə hamı bir-birini üstələyib yuxarı çıxmaq istəyir. Unutmasınlar ki, Azərbaycan mədəniyyətində sütunlar var idi. Onun yerini tuta bilməyəcəklər".
Müğənni İ.Quliyevanın ona bir çox problemlərində dəstək olduğunu gizlətməyib:
"Ondan mənə sevgisi, mənə bəxş etdiyi nəvəm Hökümə xanım qaldı. Heç vaxt yaxşılıqlarını unutmaram. Ən çətin günlərimdə yanımda oldu".
F.İbadova xalq artistinin mahnılarını səsləndirəcəyini açıqlayıb:
"Faiq Sücəddinov özü təklif etdi ki, İlhamə Qliyevanın oxuduğu bəstələrini mən yenidən səsləndirim, yaşadım. Bir də İsmayıl Dadaşovun sözlərinə yazılmış "Anam yanımdadır" adlı bəstə var. Bu sırf İlhamə xanıma yazılmışdı, çatdırıb oxuya bilmədi. Qırx mərasimindən sonra bu mahnını mən və bir neçə müğənni səsləndirəcəyik".
Bir müddət əvvəl Firuzə İbadovanın qızıllarını İlhamə Quliyevaya satması ilə bağlı xəbər yayılmışdı. Deyilənə görə, ölümündən bir həftə əvvəl qızılları müğənniyə verən əməkdar artist, hələ pullarını almayıbmış. İ.Quliyeva dünyasını dəyişdikdən sonra qızıllarının yerləşdiyi seyf plomblanıb və F.ibadovanın əşyaları orada qalıbmış. Müğənni yayılan xəbərlərə də aydınlıq gətirib:
"Belə bir hadisə olmayıb. İlhamə xanımın qızıla ehtiyacı var? Elə olsaydı qohumları, övladı Orxanla həll edərdim. Bunlar elə problemlərdi ki, özümüz də həll edə bilərik. İlhamə xanım bu sənətə acından ölüb gəlməyib. Onun atası prokuror olub. Tacir nəvəsi idi. O, milyonları görüb gəlib".