Qalmaqal: İlhamə Quliyevanın məzarına heç kim sahib çıxmır
15 Mart 2016 15:59 MədəniyyətXalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın 40 mərasiminə az müddət qalıb. Lakin mərhumun başdaşının qoyulması ətrafında qalmaqal yaranıb. Milli.Az bildirir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov cebhe.info-ya açıqlama verərək deyib ki, İ.Quliyevanın qəbir daşının hazırlanması üçün sifariş verilib: "Bunu Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmışıq. Bütün maddi vəsait dövlət tərəfindən qarşılanacaq. Xalq artistinin ailəsi isə bununla bağlı bizə heç bir sifariş verməyib. Biz də ümumi standartlara uyğun olaraq mərhum xalq artisti üçün qəbir daşı hazırlatdıracağıq. Artıq bütün işlər yekunlaşmaq üzrədir. Bir həftə ərzində qəbir daşı qoyulacaq".
Mədəniyyət və Turizm Nazirliyindən isə AzNews.az-a verilən açıqlama S.Həsənovun dediklərini təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi qəbirüstü abidənin qoyulması məsələsi ilə məşğul olmur: "Xalq artisti, mərhum İlhamə Quliyevanın qəbir daşının hazırlanmasının nazirliyə aidiyyəti yoxdur. Bu işlə Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti məşğul olur. Bu, həmişə belə olub".
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyib.