Xəstəxanaya yerləşdirilən Sabir Ələsgərovdan yeni xəbər
14 Mart 2016 13:44 MədəniyyətXalq artisti, tanınmış diktor Sabir Ələsgərov bu gün evə buraxılır. Bu sözləri modern.az-a açıqlamasında Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib. O qeyd edib ki, Sabir Ələsgərov fevralın 24-də ağır vəziyyətdə klinikaya gətirilib. "Sabir Ələsgərov ağır vəziyyətdə bizə gətirilmişdi, təcili intensiv terapiya və reanimasiya şöbəsinə yerləşdirildi. Xalq artisinə prostat vəzinin xoşxassəli hiperplaziyası və ikitərəfli hidroureteronefroz, xorniki böyrək çatışmazlığının kəskinləşməsi diaqnozu qoyulub. Xəstə ilk gündən baş nefroloq Mehman Ağayevin, həkim reanimatoloqlar Emil Qasımov və Bayram Nuriyevin nəzarətində olub. Klinikanın mütəxəssisləri ilə mütmadi konisiliumlar keçirilərək müalicə prosesi davam etdirilib". Direktor qeyd edib ki, xalq artistinin vəziyyəti yaxşılaşdıqdan sonra, martın 7-də pulmonologiya, allerqologiya və nefrologiya şöbəsinə köçürülüb. "Sabir Ələsgərovun vəziyyəti hazırda yaxşıdır. Bu gün evə buraxılır. Lakin bir aydan sonra uroloji müayinəyə və müalicəyə ehtiyaci olacaq". Sabir Ələsgərov bildirib ki, hazırda özünü yaxşı hiss edir. "Gəldiyim zaman çox ağır vəziyyətdə idim. Burda həkimlərin sayəsində bu gün ozümü çox yaxşı hiss edirəm".