Namiq Qaraçuxurlu: “Devalvasiyaya görə, konsertimi təxirə saldım”

Meyxanaçı Namiq Qaraçuxurlunun müsahibəsiniSİA-ya oxucularına təqdim edirik:

-Yaradıcılığınızda yenilik varmı?

-Hər zaman meyxana dünyamda yeniliklər etməyə çalışıram. Dinləyicilərim də məndən haqlı olaraq, tez-tez yeni mahnılar istəyirlər. Mən də bir neçə gün bundan öncə "Şəkərim"adlı yeni bəstəmi dinləyicilərin ixtiyarına vermişəm. Mahnının musiqisi Elvin Mehmanlıya, sözləri isə mənə və Elvinə aiddir.

-Bildiyimiz kimi, bu il konsert vermək fikriniz vardı. Bu fikirdən daşınmamısınız?

-Bəli, konsert keçirmək kimi planım vardı. Lakin bu fikrimdən daşındım. Yəqin ki, ümumi iqtisadi vəziyyətdən xəbəriniz var. Devalvasiyaya görə, konsert verməyi hələ ki, təxirə salmışam. Yeni layihələr etmirəm.    

-Meyxanaçı yoxsa aktyor?

-Təbii ki, meyxanaçı. Aktyorluq peşəsi sadəcə olaraq mənim üçün maraqlıdır. Mənə mənəvi ruh verir. Zamanında oynadığım "Toy gecəsi" serialında aldığım qonorar ürəkaçan olmasa da, sevə-sevə işləyirdim. Eyni zamanda da, aktyorluq sənətini öyrənmək istəyirdim. Hazırda az da olsa bilgiyə sahibəm. Gələcəkdə bu istiqamətdə bir az da biliyimi inkişaf etdirməyi düşünürəm.  

-Sizi yenidən serialların birində baş rolda görəcəyikmi?

- Serialda rol almaq üçün çox darıxıram. Amma əfsuslar olsun ki, hazırda bununla bağlı təklif almamışam. Azərbaycan kinosunun daha da inkişaf etməsini gözləyirəm. Rejissorlarımız daha da peşəkarlaşmalıdır. Bilirsiniz ki, yaxşı serial ərsəyə gətirmək üçün komanda bacarıqlı olmalıdır. Yaradıcı heyətdən bir nəfər vəzifəsini layiqincə icra etməsə, aktyorun işi hədər gedir. Yəni, çəkiliş qrupu bir-biri ilə bağlıdır. Peşəkar komanda olsa, yenidən seriala çəkilərəm.

-Bildiyiniz kimi, hazırda Azərbaycanda bir çox komediya janrında olan filmlər lentə alınır. Bu filmlərdən razısınızmı?

-Tamaşaçılarımız tərəfindən yumoristik filmlərə maraq var. Ümid edirəm ki, digər mövzulu ekran işlərimizə baxış sayı artar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31