İlhamə Quliyevanın bacısından qadağa: "Şou düzəltməyin"
3 Mart 2016 12:44 MədəniyyətXalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva əsəbiləşib. Lent.az-a açıqlama verən mərhum sənətkarın bacısı bildirib ki, bəzi insanlar İ.Quliyevanın ölümündən şou düzəldirlər: "İlhamə xanımın adını əsassız yerə hallandıran insanlar utansınlar. Xalqın görkəmli sənətkarı olub. Bacımın sənətindən, yaxşılığından danışsınlar. Danışmağa başqa sözləri yoxdur? Bu dəqiqə bacımın ölümünün stressini yaşayıram. Bəzi insanlar mənim dərdimə şərik olmurlarsa, bu cür şou eləməsinlər".
G. Quliyeva İ. Quliyevanın qız övladının olması barədə yayılan xəbərlərin əsassız olduğunu bildirdi: "Çox ayıbdır. İlhamə xanımı hamı yaxşı tanıyır. Onun nəyi və kimi var idisə, hamısı üzdə idi. Bu cür sözləri yaymaq və danışmaq insanlara yaraşmaz".
Mərhum sənətkarın bacısı onu da əlavə etdi ki, bu gündən etibarən media işçilərinə açıqlama verməyi özünə qadağa edib: "Mən xəstə adamam. O boyda adam itirmişəm. Nə qədər mənim əsəblərimlə oynayacaqlar? Jurnalistlərdən xahiş edirəm ki, daha məni narahat etməsinlər. Çünki bundan sonra mən açıqlama verməyəcəm. Nə lazımdırsa, İlhamə xanımın oğlu Orxana və ya vəkilə müraciət etsinlər".