İlhamə Quliyevanın mirasına nələr daxildir?
2 Mart 2016 18:46 MədəniyyətMərhum xalq artistiİlhamə Quliyevanın torpağı soyumamış yaxınları miras davasına çıxıblar. Maraqlıdır, onun mirasına nələr daxildir ki, qohumları bu qədər canfəşanlıq edirlər?
Modern.az məsələyə aydınlıq gətirməsi üçün İ.Quliyevanın oğulluğu Orxan Nadirovun hüquqlarını müdafiə edən vəkil Habil Vəliyevə müraciət edib. Qəribəsi də odur ki, vəkil bizi miras barədə məlumatlı olmadığına inandırmağa çalışıb.
"Hüquq-mühafizə orqanları bu məsələni dövlət qanunları ilə tənzimləyəcəklər. Elə məsələlər var ki, onu yazmaq da, dilə gətirmək də düz deyil, hörmətlə yanaşmaq lazımdır. Çünki insanlar indi yasdadır, onlar mal-mülk hayında deyillər".
H.Vəliyev "İlhamə Quliyevanın mirasına nələr daxildir" sualını "Mən bunu hardan bilim? Müraciət edin hüquq-mühafizə orqanlarına, onlar sizə desin. Mənim bu haqda məlumatım yoxdur. Onun hüquqlarını müdafiə etməyim, mərhumun mal-mülkü barədə məlumatlı olmağım anlamına gəlmir" deyə cavablandırıb.
Vəkil "Bəs kimsə kənardan mərhumun mal-mülkünə sahib çıxmağa çalışsa, informasiyanız olmadığı halda, onun hüquqlarını necə müdafiə edəcəksiniz" sualına isə "bu, dövlət qanunları ilə tənzimlənir. Kim istəyir, kimin əlində sənədi varsa, getsin mirasa sahib çıxsın. Bunun bizə nə aidiyyəti var. İndi Orxan yasla məşğuldur. 40-dan sonra bu məsələlər öz həllini tapacaq. Hazırda miras haqqında düşünmürük" deyə bildirib.
Təsdiqlənməmiş məlumatlara görə, mərhum xalq artisti İlhamə Quliyevanın Bakının bir neçə yerində mənzilləri, bahalı avtomobilləri, çoxlu qızıl-zinət əşyaları, brillantı, həmçinin bank hesablarında kifayət qədər böyük həcmdə pulu var. Yayılan məlumatlara görə, mərhumun bank hesabları hazırda dondurulub.