Xalq artistlərinin qalmaqalına psixoloq qarışdı
6 Fevral 2016 07:14 MədəniyyətXalq artistlərinin qalmaqalına psixoloq qarışdı
Son zamanlar xalq artisti adını daşıyan tanınmış incəsənət nümayəndələrinin - İlhamə Quliyeva və Aygün Kazımovanın adları müxtəlif insanlarla, o cümlədən öz aralarında yaranan qalmaqallarda hallanır və bu qalmaqallar fonunda münasibətlər getdikcə gərginləşir ki, bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Şou-biznes nümayəndələri öz psixi sağlamlığının qayğısına qalmalıdırlar
Milli.Az-a şou-biznes nümayəndələri arasında münasibətlərin qalmaqal halına gəlməsi və cəmiyyətin buna münasibətinin mümkün psixoloji səbəblərini açıqlayan tanınmış psixoloq Elnur Rüstəmov deyib ki, əvvəla bu, bir aksiomadır ki, hər bir insan, xüsusən ictimai adamlar, daha çox insanlar tərəfindən qəbul olunan, tanınan adamlar öz sağlamlıqlarının qayğısına qalmalıdır:
"Heç bir insan unudulmaq istəmir, daha çox yaşamaq istəyir, istəyir həmişə tanınsın, diqqət mərkəzində olsun. Belə olmadıqda müəyyən diskomfort, narahatlıq yaranır. Təkcə şou-biznesdə yox, bütün sahələrdə subordinasiya prinsipi var. Məsələn, tanınan insan bir müddət sonra yerini yeni gələnlərə vermək zərurəti ilə baş-başa qalır. Bəziləri bunu normal qəbul edir, barışır, amma bəziləri barışmaq istəmir, buna müqavimət göstərir. Fikrimcə, sağlam münasibət olduğu təqdirdə bu, digərlərinə də çox yaxşı örnək olar. Ona görə də bütün insanlar, o cümlədən şou-biznes nümayəndələri öz psixi sağlamlığının qayğısına qalmalıdırlar. Nəzərə almalıdırlar ki, bundan təkcə onların özləri yox, onlara inananlar, fanatları da narahatlıq və gərginlik keçirirlər. Ona görə də tanınmış insanlar davranış və danışıqlarında ətrafdakı insanlara hörmət etməlidirlər. Çünki onların adlarının daim qalmaqallarda hallanması heç də başucalığı gətirən məsələ deyil. İncəsənət adamları, şou-biznes nümayəndələri çox həssas, kövrək insanlar olurlar. Onlar bəzən emosiyalara qapılıb fikirlər səsləndirə bilirlər. Bəzən onların fikirləri yanlış da anlaşılır, insanlarda müəyyən qıcıq yaradır. Ona görə də belə insanlar çox diqqətli olmalıdırlar. Ən əsası, bu, bir ənənə halına keçməməlidir. Ənənə halına keçsə, eyni məsələlər növbəti gün başqası ilə də təkrarlana bilər".
Cəmiyyət az diqqət göstərsəydi, məsələ bu qədər dərinləşməzdi.
Psixoloq hesab edir ki, belə qalmaqalların böyüməsində ictimai marağın müəyyən rolu var:
"Əgər cəmiyyət bu hallara az diqqət göstərsəydi, məsələ bu qədər dərinləşməzdi. Çünki belə şeylər cəmiyyətin diqqəti ilə düz mütənasibdir. Cəmiyyət nə qədər çox maraq göstərirsə, nə qədər çox müzakirə edilirsə, onun miqyası nə qədər çox genişlənirsə, bu cür hallar daha da dərinləşir. Ona görə də düşünürəm ki, sadəcə bunun üstündən keçmək lazımdır. Bu məsələdə geniş müzakirələr açmağa gərək yoxdur. Əgər əvvəlcədən bunu edə bilsəydik, bu məsələ indi bu qədər ictimailəşməzdi. Əgər kiminsə əməlində cinayət tərkibi varsa, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Amma burada məsələlər şəxsi müstəvidədir. Ona görə də onun cəmiyyət arasında müzakirəsi müəyyən narahatlıq yaradır. Əslində, çox yaxşı olardı ki, bir müddət, ümumiyyətlə, bu məsələlərə fikir verilməsin. Belə olsa, inanıram ki, onlar bir müddətdən sonra barışığa gələcəklər".
İkicə gün sussalar, hər şey düzələcək...
E.Rüstəmovun fikrincə, media da bu məsələdə tolerant, anlayışlı davranmalıdır: "Ən azından bu, manşetlərə çıxarılacaq bir xəbər deyil. Çünki məsələnin miqyası böyüdükcə digərləri də tanınmaq üçün özünü burada tərəf kimi göstərməyə çalışır. Bundan əlavə, şou-biznesin digər nümayəndələri, xüsusən də gənclər də görür ki, kimlərsə qalmaqallar yolu ilə tez və böyük məşhurluq qazanır və ya diqqət mərkəzində olur, onda onlar da oxşar yolla getməyə çalışırlar. Əgər media və ictimaiyyət tərəfindən bu qədər diqqət yetirilməsəydi, məsələ bu qədər böyüməzdi. Artıq kifayət qədər insan fikrini bildirib. Düzdür, onların da münasibətləri səbəbsiz deyil. Çünki burada söhbət həm insan hüquqlarından, həm milli-mənəvi dəyərlərdən, həm də digər məqamlardan gedir. Onu da nəzərə almaq lazımdır ki, indi elə bir vaxtdır ki, insanlarda bəzi sosial-iqtisadi problemlər səbəbindən müəyyən gərginlik, əsəbilik var. Ona görə də bəzi şeylər insanlarda tez qıcıq yaradır. Yəni bunlar mütləq gözlənməlidir. Amma düşünürəm ki, cəmi ikicə gün danışmasalar, sussalar, məsələ düzələcək..."