Aynişan Quliyeva Murad Bozla duet oxudu VIDEO

Aynişan Quliyeva müsabiqəyə müğənni Murad Boz ilə davam edəcəyini açıqlayıb.

Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyənin ən populyar tele-müsabiqələrindən biri olan "O Ses Türkiye"də iştirak edib. ANS PRESS-in məlumatına görə, Aynişan Quliyeva səhnədə Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" mahnısını ifa edib. Mahnı ilə yanaşı Aynişanın səsi də münsiflər heyəti tərəfindən bəyənilib.

İfanın başa çatmasından sonra münsiflər heyətinin üzvü Gökhan Özoğuz bu mahnını eşidəndə tüklərinin biz-biz olduğunu deyib. Mahnını daha əvvəl Polad Bülbüloğlu və Şebnem Ferahın duet ifası ilə dinlədiyini xatırladan Özoğuz indiki ifada da kişi səsi gözlədiyini deyib.

Bundan sonra heyətin digər üzvü müğənni Murad Boz mahnının sözlərini bilmədiyini desə də səhnəyə çıxaraq Aynişanla birlikdə duet oxuyub. İfadan sonra münsiflər heyətinin üzvləri arasında Aynişanı öz qruplarına dəvət etmək üçün rəqabət başlayıb. Aynişan Quliyeva isə müsabiqəyə tanınmış müğənni Murad Boz ilə davam edəcəyini açıqlayıb.

Türkiyənin İstanbul şəhərindəki "Bahçeşehir" universitetində maqist təhsili alan və burda əmək fəaliyyəti göstərən Aynişan Quliyeva bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. Hələ uşaq yaşlarından musiqiyə həvəsi olan Aynişan anası Aybəniz Haşımovanın rəhbərliyi altında "Bülbüllər" musiqi kollektivində solist çalışıb, Azərbaycanı beynalxalq müsabiqələrdə təmsil edib.

2010-cu ildə "Eurovision" Mahnı Müsabiqəsinin milli seçim turlarına qoşulan Aynişan sonradan iştirakdan imtina edir. Buna baxmayaraq 2011-ci ildə Aynişan Quliyeva yenidən müsabiqənin milli seçim turlarına qoşulur və 5-ci qrupda 25 min səslə birinci yeri tutur. İkinci yarımfinalda 9 iştirakçı arasında Aynişan Quliyeva Eldar Qasımov, Nigar Camal, İlqarə İbrahimova və İlhamə Qasımova ilə birlikdə finala keçir. Lakin yalnız finalda məğlub olur.

Bundan sonra Aynişan Quliyeva Adil Baxışlı ilə birlikdə duet yazdırır. 2011-ci ilin iyul ayında isə Azərbaycanı Belarusiyanın Vitebsk şəhərində keçirilən "Slavyanski Bazar" yarışmasında təmsil edib. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu festivalda ölkəsinə mükafatla qayıdan 9 nəfərdən biri olub. "Bell Telecom"da 60 min nəfərin səsverməsi nəticəsində "Simpatiya" nominasiyasını alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31