Perinatal Mərkəzdə körpələr nəzarətsizlikdən yanıblar? – İlginc ifadə
16:10 KriminalRespublika Perinatal Mərkəzində körpələrin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə mərkəzin sabiq rəhbəri - təqsirləndirilən Mehriban Abasquliyeva ifadə verərək yanğın zamanı körpələrin ölməsinin səbəbindən danışıb.
"Həmin yerdə qoyulmuş avadanlıqlar daha çox yanğının təsirinə məruz qalıb. O hissəyə baxdıqda görünür ki, avadanlıqlar elektrik yuvalarına qoşulmuş vəziyyətdədir, naqillərin izolyasiya örtüyü əriyib. İlkin versiya odur ki, otaqda xeyli avadanlıq olub, onların özündə və ya naqillərdə baş verən qəza nəticəsində yanğın hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ekspertinin tərtib etdiyi rəylərə əsasən, Gülcahan Abbasəliyevanın yeni doğulmuş qızı dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı, Kamilə Həbibovanın yeni doğulmuş oğlu dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı və Nuranə Nuriyevanın yeni doğulmuş qızı dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə fonunda ikitərəfli pnevmoniya nəticəsində inkişaf edən kəskin tənəffüs çatışmazlığından ölüblər. Nəzərinizə çatdırıram ki, yanğının bilavasitə baş verdiyi palatada olmuş və sağ qalmış beş yenidoğulmuşun heç birisində "kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı" diaqnozu müəyyən olunmadığı halda, yanğın olmayan palatalarda üç yenidoğulmuşun "kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı" səbəbindən ölməsinə dair ekspert rəyləri həqiqətəuyğun deyil".
Mərkəzin sabiq direktoru qeyd edib ki, ölən üç yenidoğulmuş neonatal və perinatal xəstəliklərdən əziyyət çəkdikləri və xüsusi qayğıya ehtiyacları olduqları üçün bu sahədə ixtisaslaşmış Respublika Perinatal Mərkəzi PHS-də küvəzlərdə müalicə alırdılar:
"Perinatal Mərkəzdə baş vermiş yanğın hadisəsindən dərhal sonra onlar Kliniki Tibbi Mərkəzə təxliyə ediliblər. Orada onlara lazımi tibbi xidmət göstərilməyib. Bundan başqa, ölən yenidoğulmuşların birində doğulduğu anda diaqnozunda olmayan və Kliniki Tibbi Mərkəzə yerləşdirildikdən sonra ikitərəfli pnevmoniyanın yaranması onun orada soyuğa verilməsi nəticəsində baş verib. Onu da qeyd edim ki, yanğın baş vermiş palatada olan və oradan təxliyə edilmiş beş yenidoğulmuş hazırda sağdırlar.
Hadisə baş verən zaman personal palata ilə üzbəüz xəstəlik tarixçələrini doldurmaqla məşğul olublar. Videodan göründüyü kimi, intensiv terapiya blokunda Validə Əliyevadan başqa heç kim olmayıb, xəstə körpələr və onların yaşamasını təmin edən tibbi cihazlar isə nəzarətsiz qalıb.
Perinatal Mərkəzinin növbətçiləri qanunun və qaydaların tələblərini kobud surətdə pozaraq, ağır xəstə olan körpələri baxımsız və onların həyatını qoruyan cihazları nəzarətsiz qoyaraq, mətbəxdə asudə vaxt keçirərək, həkimlər otağında olan divanda yataraq faktiki olaraq körpələri ölümə məhkum ediblər".
Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın baş verib.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaq materiallarında qeyd edilir ki, hadisədən əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydalarının pozulması, xüsusən də mövcud avtomatik siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların mövcudluğu barədə rəhbərliyə məlumat verilib. Lakin direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayevin və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.