“Qanuni oğru” qaydaları ilə yaşayırdı – Rusiya məktəbində baş verən bıçaqlanmanın detalları
12:16 KriminalXəbər verdiyimiz kimi, Rusiyanın Perm vilayətinin Aleksandrovsk şəhərində məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Bakupost.az "TASS"a istinadən xəbər verir ki, baş verən insidentdən sonra məktəbin digər şagirdləri təhlükəsizlik məqsədilə siniflərə qapadılıb, daha sonra isə evlərinə buraxılıblar. Şəhər rəhbərliyinin qərarı ilə bütün məktəblərdə dərslər 24 fevrala qədər ləğv edilib.
Regional hakimiyyət orqanları açıqlayıb ki, dərslərin dayandırılması qərarı şagirdlərin təhlükəsizliyinin təmin olunması və psixoloji vəziyyətin stabilləşdirilməsi məqsədi daşıyır. Məktəblərdə psixoloqların iştirakı ilə əlavə tədbirlərin görülməsi planlaşdırılır.
Mənbələrin bildirdiyinə görə, insidentdən əvvəl şagirdlər arasında münaqişə yaşanıb. Onlardan biri digərinin boğazına bıçaqla xəsarət yetirib. Hücumun 13 yaşlı Vlad adlı şagird tərəfindən törədildiyi məlum olub.
Hadisə zamanı hücum edən yeniyetmə sinif yoldaşları və müəllimin köməyi ilə zərərsizləşdirilib və hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda o, saxlanılıb, onunla bağlı istintaq hərəkətləri aparılır.
Hadisədən dərhal sonra zərərçəkənə ilk tibbi yardım məktəbin mülki müdafiə və fizika müəllimləri tərəfindən göstərilib.
Məktəbdən verilən qeyri-rəsmi məlumatlarda hadisəni törədən "qanuni oğru" qaydaları ilə yaşayan, aqressiv davranışları ilə seçilən, tez-tez münaqişələrə girən şagird kimi xarakterizə olunur. Bildirilir ki, hücum edən yeniyetmə ilə zərərçəkən şagird əvvəllər eyni partada əyləşiblər və bir müddət normal münasibətləri olub.
Hadisədən sonra Vladın atası jurnalistlərə açıqlamasında insidentdən media vasitəsilə xəbər tutduğunu bildirib. Onun sözlərinə görə, yeniyetmə anası və ögey atası ilə yaşayır, ailə daxilində isə münasibətlər mürəkkəb olub. Ata hadisə baş verən məktəbə yollandığını deyib.
Hadisə ilə bağlı İstintaq Komitəsi cinayət işi açıb. Hücum edən şagird istintaq şöbəsinə aparılıb. "Kommersant" nəşrinin məlumatına görə, onun yaşı 14-dən azdır, bu səbəbdən hüquqi prosedurlar xüsusi qaydada aparılır.
Mediada yer alan məlumatlara əsasən, bu hadisə bir həftə ərzində həmin məktəbdə baş verən ikinci oxşar insidentdir. Bir neçə gün əvvəl də başqa bir şagirdin iştirak etdiyi zorakılıq faktı qeydə alınıb.
İstintaq Komitəsi faktla bağlı bir neçə maddə üzrə cinayət işi açıb. İş yetkinlik yaşına çatmayan şəxsi öldürməyə cəhd, vəzifə səhlənkarlığı və təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddələri üzrə araşdırılır.