Qafqaz və Orta Asiyanın Ən Güclü Beyin Mərkəzi Azərbaycan təşkilatıdır
27 Yanvar 2014 12:12 İqtisadiyyatAmerika Birləşmiş Ştatlarının Pensilvaniya Universiteti yanvarın 25-də BMT-nin Nyu-York şəhərində yerləşən baş qərargahında 2013-cü ilin dünya beyin mərkəzlərinin hesabatının təqdimatını həyata keçirib. İqtisadi və Sosial İnkişaf Mərkəzindən "Olaylar"a verilən məlumata görə, hesabat BMT, İqtisadi Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının, eləcə də bir sıra digər beynəlxalq təşkilatların dəstəyi ilə hazırlanıb. Hesabat hazırlanarkən dünyanın 1500-dən artıq aparıcı eksperti arasında sorğu keçirilib. Sorğunun nəticələri qiymətləndirilmək üçün BMT-nin və eləcə də digər beynəxalq təşkilatların ekspertlərinə təqdim edilib. Sevindirici haldır ki İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Qafqaz və Mərkəzi Asiyanın ən yaxşı beyin mərkəzi seçilib. İSİM rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, regionun aparıcı beyin mərkəzi statusu uğrunda sadəcə Qafqaz və Orta Asiya ölkələrinin beyin mərkəzləri deyil eyni zamanda Pakistan, Əfqanıstan kimi digər Asiya ölkələrinin də təşkilatları da mübarizə aparıblar. Məhz belə rəqabətdə Azərbaycan təşkilatının birinci olması çox sevindiricidir. Gürcüstan və Ermənistandan heç bir təşkilat ilk beşliyə daxil ola bilməyib: " İSİM hər zaman öz tədqiqatlarında və təhlilərində yeni metodlardan istifadə etməyə çalışır. Təşkilatda çalışanlar ölkənin iqtisadi siyasətinə töhvə verməyə çalışmaqla son illər müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda İSİM müxtəlif ölkələri təmsil edən tədqiqatçıların təcrübə mərkəzinə çevrilib".