"Orxan SS" istehlakçıları aldadır
23 Yanvar 2014 16:00 İqtisadiyyatAntiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Orxan SS" İstehsal-Kommersiya Firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi, ev 2B ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən " OLAYLAR"a verilən məlumata görə, müəssisə tərəfindən istehsal olunan "CF" və "KRİSTAL" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Baranina", "Krakovskaya", "Servelat Xəzər", "Kristal Həvəskar", "Ukrainskaya kopçennaya" kolbasalarının və "Təndir" sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib. Qanun pozuntusuna yol vermiş "Orxan SS" İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.