308 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib
23 Yanvar 2014 13:14 İqtisadiyyatAzərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 2013-cü il ərzində standartların tələblərinə, metroloji norma və qaydalara riayət edilməsinə nəzarət etmək məqsədi ilə sahibkarlıq subyektlərində aparılmış yoxlamalar zamanı 1279 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb. Bu barədə Komitədən "OLAYLAR"a verilən məlumata görə, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 1279 iradnamə və məhsul partiyası satışının qadağan edilməsi barədə 689 tələbnamə verilib, 308 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib. İstehsalın və satışın qadağan olunması barədə tələbnamələrdən 24-ü unlu-qənnadı məmulatları, 30-u çörək məmulatları, 22-si dönər istehsalı, 12-si süd məhsulları, 10-u alkoqolsuz içkilər, 11-i mebel istehsalı, 199-u isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilib. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 32 631 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 932 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib.
Həmçinin "Standartlaşdırma üzrə 2013-cü il üçün İşlər Planı"na müvafiq olaraq informasiya-kommunikasiya texnologiyaları, ekologiya, qida məhsulları, nəqliyyat, keyfiyyətin idarə olunması, torpaqların qiymətləndirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi və tikinti materialları sahələri üzrə standartlar qəbul edilib. Ümumilikdə ötən il Azərbaycan Respublikasında 62 yeni dövlət standartı təsdiq edilib. Ötən il Komitənin tabeliyində olan Azərbaycan Standartları İnstitutunun fəaliyyətini təkmilləşdirmək məqsədilə İnstitutun bazasında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yaradılıb. Həmçinin beynəlxalq standartlaşdırma prinsiplərinin ölkəmizdə tətbiqi prosesində yaxından iştirak edən texniki komitələrin sırasına daha biri - "Ağır sənaye məhsullarının standartlaşdırılması üzrə" Texniki Komitə daxil edilib. "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması baradə Nazirlər Kabinetinin qərarı layihəsi hazırlanıb. NK-nın 14 yanvar 2014-cü il tarixli Qərarı ilə 1 aprel 2014-cü il tarixdən ölkəmizdə Avro-4 ekoloji normaları tətbiq edilib. "Elektron xidmət növlərinin Siyahısı"nda Komitəyə aid edilmiş 13 adda elektron xidmətin göstərilməsinə başlanılıb.