“2014-cü ilin “ənaye ili” elan edilməsi regionun sənaye mərkəzinə çevrilməsini təmin edəcək”
22 Yanvar 2014 16:08 İqtisadiyyat"Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı imzalanmış Sərəncam sənayenin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən etməklə, sənayeləşmə siyasətinin uğurla davam etdirilməsini, ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsini təmin edəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev səsləndirib. Nazir bildirib ki, yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir: "Dünyanın ən iri enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcək. Eyni zamanda, ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılması yerli məhsulların, eləcə də sənaye məhsullarının xarici bazarlara çıxışını daha da genişləndirəcək. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası layihələrini xüsusilə qeyd etmək lazımdır".