“Azərbaycanda yeridilən bahalı kredit siyasətinin çatışmazlıqlarını aradan qaldırmaq lazımdır”

Əli Məsimli: “Bu cür bahalı kredit siyasəti əhalinin cibindən daha çox pul çıxarılmasına xidmət edir”

"Nəticədə vətəndaşların, fiziki və hüquqi şəxslərin bir hissəsi çıxılması mümkünsüz olan borc çuxuruna yuvarlanıb"

Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən banklara bundan sonra müştərilərə iş yerindən arayış olmadan onlara istehlak krediti verməməsi, eləcə də avtomobillərin kreditlə satışına məhdudiyyət qoyulmasına yonəldilən göstərişi ilə bağlı son günlər fərqli yanaşmalar səsləndirilir. Bir sıra ekspertlər bunu Mərkəzi Bankın kommersiya bankları üçün istehlak kreditləşməsi bazarına "qırmızı işıq" yandırması kimi dəyərləndirirlər.  İctimaiyyət nümayəndələri isə bu addımı bankların kredit verməsinin tamamilə dayandırması kimi xarakterizə edirlər.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, parlamentin iqtisadi məsələlər komitəsinin üzvü Əli Məsimli isə hesab edir ki, burada söhbət istehlak kreditlərinin tamamilə dayandırılmasından yox, kreditlərin verilmə şərtlərində dəyişikliklərdən gedə bilər. Millət vəkilinin sözlərinə görə, Mərkəzi Bank tərəfindən avtomobillər üçün kreditlərin verilməsinin qadağan edildiyi barədə informasiyaya münasibətdə də təqribən eyni şeyləri demək mümkündür: "Ona görə ki, istehlak kreditlərinin verilməsi Mərkəzi Bankın qərarları ilə yox, qanunla təsbit olunmuş məsələ olduğundan, burada mütləq mənada tam qadağadan söhbət gedə bilməz. Amma Mərkəzi Bank istehlak kreditlətinin verilmə qaydalarında dəyişiklik barədə göstəriş verə bilər və bu da həmin qəbildən olan kreditlərin verilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Həmin göstərişə görə, ölkədə fəaliyyət göstərən banklar bundan sonra müştərinin iş yerindən arayışı olmadan ona istehlak krediti verməyəcək. Bundan başqa, avtomobillərin kreditlə satışına da müəyyən məhdudiyyətlər qoyulur. Bu qərar göstərir ki, ümumiyyətlə istehlak kreditlərinin, xüsusən də avtokreditlərin vaxtında qaytarılması ilə bağlı problemlər getdikcə kəskinləşir. Bu baxımdan həmin göstəriş son illər çox sürətlə artan kredit borclarının qarşısını almağa, yollardakı tıxac probleminin yumşaldılmasına və yaxın illərdə bu sahələrdə gözlənilən ciddi fəsadlara imkan yaratmamağa yönəlib". Əli Məsimli bildirib ki, belə bir qərarın işə düşməsi ilə hamı üçün yox, banklardan götürdükləri kreditləri qaytarmaq ehtimalı aşağı olanlar üçün "qırmızı" işıq yandırılıb: "Bundan əlavə reallıqda 700-800 manat alıb, lakin banka təqdim etdiyi arayışda isə 150 manat maaş aldığı göstərilənlər də  kredit götürməkdə problemlə qarşılaşacaqlar. Çünki iş yerindən ona real maaşını əks etdirən arayış verməyəcəklər". İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli qeyd edib ki, Mərkəzi Bankın sözügedən göstərişi ictimaiyyətin diqqətini yenidən bank sektoruna yönəldib: "Bununla əlaqədar olaraq bildirmək istərdim ki, istehlak kreditləri ilə bağlı atılan addım, yaranmış vəziyyətin diqtəsinın məntiqindən doğsa da, bank sistemindəki zəruri problemlərin həlli üçün yetərli deyil. Ona görə də bu sahədə yaranmış vəziyyəti təkcə əlinə 3 min manat düşən kimi avtokreditlə maşın alanın üstünə atmaq olmaz. Təbii ki, bunun qarşısı alınmalıdır. Digər məlum səbəblərlə yanaşı, həm də ona görə ki, bəzi banklar faiz dərəcələrini qaldırmaq və sair üsullarla krediti vaxtında ödəməyənin yükünü də krediti səliqə ilə vaxtında ödəyənin çiyninə qoyur. Bununla yanaşı həm də bütövlükdə Azərbaycanda yeridilən bahalı kredit siyasətinin çatışmazlıqlarını da aradan qaldırmaq lazımdır. Bu cür bahalı kredit siyasəti əhalinin cibindən daha çox pul çıxarılmasına xidmət edir ki, nəticədə vətəndaşların, fiziki və hüquqi şəxslərin bir hissəsi çıxılması mümkünsüz olan borc çuxuruna yuvarlanıb, maşınını, torpaq sahəsini, zinət əşyalarını, mənzilini, bürövlükdə evini, firmasını, digər obyektlərini itirənlərin sayının sürətlə artmasına gətirib çıxarır.Bu baxımdan ictimaiyyəti indi sözügedən məsələ ilə yanaşı, həm də bizim tez-tez qaldırdığımız başqa sualların cavabı da  maraqlandırır. Birincisi, Mərkəzi Bankın bu addımı ödəniş qabiliyyətli əhalinin kreditə əlçatanlılığına necə təsir edəcək? İkincisi, faiz dərəcələrinin ədalətli həddəcən aşağı düşməsinə təsir göstərə bilən pul-kredit siyasətinin həyata keçirilməsinə, bank sektorunda sivil bazar münasibətlərinin tələbləri əsasında sərbəst fəaliyyətin təmin edilməsinə, rəqabət mühitinin formalaşmasına xidmət edən zəruri islahatlara nə vaxt başlanılacaq?".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31