ARDNŞ-da Meksika Senatinin üzvləri ilə görüş keçirilib

ARDNŞ-nin Baş ofisində Meksika Senatı xarici əlaqələr komitəsinin üzvləri ilə görüş olub. Socar.az xəbər verir ki, qonaqları səmimi salamlayan ARDNŞ-nin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanla Meksika arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib, əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin rolunu qeyd edib. Azərbaycanın qədim neft və qaz diyarı olduğunu vurğulayan Elşad Nəsirov dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığını, neftin tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinə, emal olunmasına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib. O, son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında qonaqlara ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından danışıb. Səmimi qəbul üçün təşəkkürünü bildirən Meksika Senatı xarici əlaqələr komitəsinin sədri Qabriela Cuevas Barron Azərbaycanın çox önəmli ölkə olduğunu, son dövrdə nail olunan inkişaf göstəricilərinin heyranlıq doğurduğunu bildirib, Azərbaycanın iqtisadi və sosial sahədə qazandığı uğurların və inkişaf təcrübəsinin örnəyə çevrildiyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31