ABŞ İranı iqtisadi cəhətdən ram etmək istəyir
10 Yanvar 2014 16:15 İqtisadiyyatSuriya hadisələri başlayandan İranla bir qədər yumşaq tonda danışmağa üstünlük verən Birləşmiş Ştatlar artıq molla rejiminə qarşı güc tətbiq etmək planını da arxa plana çevirib. Əgər bir neçə ilə öncəyə qədər hətta İranın vurulacağı tarix belə qeyri-rəsmi şəkildə açıqlandığı halda, indiki situasiyada Vaşinqton Tehrana qarşı yalnız iqtisadi sanksiyaların tətbiq edilməsi barədə düşünür. Bu günlərdə ABŞ Senatının bir qrup üzvünün İrana qarşı tətbiq edilməsi planlaşdırılan və ölkə prezidentinin veto qoya bilməyəcəyi yeni sanksiya qanunun hazırlaması buna misal göstərilə bilər. Belə ki, layihənin əsas müəllifi ABŞ Senatının demokratlar fraksiyasının rəhbəri Harri Reyddir. Onun yeni sanksiya layihəsini ABŞ Senatının səsverməsinə çıxarmaq üçün yaxın günlərdə təqdim edəcəyi bildirilir. Harri Reydin təqdim edəcəyi yeni sanksiya qanununu dəstəkləyən senatorlar da Ağ Evin təhdidinə cavab olaraq layihəni veto qoyula bilməyəcək şəkildə təsdiqləmək niyyətindədirlər. Məlumat üşçün qeyd edək ki, ABŞ Senatının bir qrup üzvü İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir. Layihə keçən il, dekabrın 19-da Birləşmiş Ştatlar Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez tərəfindən 26 senatorun imzasının olduğu məktubla quruma təqdim edilib. Onlardan 13-ü Respublikaçılar, 13-ü isə Demokratlar partiyalarından olan senatordur. Bu layihə rəsmi Tehranın İranla "altılıq" ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Planını yerinə yetirməyəcəyi və ya yekun sazişi imzalamaqdan imtina edəcəyi təqdirdə tətbiqini nəzərdə tutur. Eyni zamanda layihə növbəti bir il ərzində İranın neft ixracına və bir neçə sənaye sektoruna sanksiya qoyulmasını özündə ehtiva edir. Bundan əlavə, layihə həmçinin ABŞ hökumətini İranın nüvə proqramının qarşısını almaq üçün həyata keçirəcəyi hərbi müdaxiləyə hər cür hərbi, diplomatik və iqtisadi dəstək verməyə məcbur edir.
Lakin layihə Birləşmiş Ştatlar senatorları arasında narazılıq da yaradıb. Belə ki, ABŞ Senatının Demokratlar Partiyasından olan on komitə sədri İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıb. Bunlar Tim Conson (ABŞ Senatının Bankçılıq Komitəsinin sədri), Dayan Faynştayn (kəşfiyyat), Karl Levin (Silahlı Qüvvələr), Barbara Mikulski (büdcə təsisatları), Barbara Bokser (ekologiya), Con Rokfeller (ticarət), Tom Karper (Milli Təhlükəsizlik), Patrik Lihi (Ədliyyə), Ron Vayden (enerji) və Tom Harkindir (səhiyyə). Narazı senatorlar indiki şəraitdə İrana qarşı yeni sanksiya tətbiq edilməsini məqbul saymayıblar.Bütün bunlar onu göstərir ki, İranla altılıq ölkələri arasında müzakirələr dalana dirənib.İran rəsmiləri qərb ölkələrindən Tehrana qarşı tətbiq olunan sanksiyaları bütövlükdə ləğv etməyi tələb etsə də, bu məsələ hələ söz olaraq qalmaqdadır.Başqa tərəfdən isə İranda radikal düşərgə (Mühafizəkarlar) bötövlükdə qərb dövlətləri, xüsusilə Birləşmiş Ştatlarla hər hansı bir anlaşmanın əleyhinədir. Bu səbəbdən nə İran rejimi, nə də Qərb dövlətləri danışıqların müsbət nəticələnəcəyinə şübhə ilə yanaşırlar.
Buna görə də İrana qarşı tətbiq edilən sanksiyaların təsiri və rejimin yanlış siyasəti ucbatından İranın bütün vilayətlərində işsizlik, ərzaq qıtlığı, bahaçılıq getdikcə daha da ciddi xarakter alır.
Bu arada xəbər verilib ki, İranla "altılıq" ölkələri arasında Cenevrədə ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələrində indiyədək cüzi irəliləyiş əldə olunmayıb. Bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı da təsdiqləyib. Bildirilib ki, tərəflər arasında üç gün davam edən danışıqlarda mühüm irəliləyiş əldə olunmayıb: Lakin İranın "Fars" xəbər agentliyi isə diplomatik mənbələrə istinadən xəbər yayıb ki, artıq müzakirələr sona çatıb. Məlumata görə, danışıqların daha yüksək səviyyəli rəsmilər arasında aparılmasına qərar verilib. Xəbərdə həmçinin İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında telefon danışığının olacağı da bildirilib. Bu arada isə İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi qeyd edib ki, İranın məqsədi nüvə silahı əldə etmək deyil. Təşkilat sədri həmçinin deyib ki, nüvə enerjisindən istifadə etmək İranın hüquqi haqqıdır: "Ərak" ağır su reaktoru da öz fəaliyyətini əvvəlki kimi davam etdirəcək.
Süleyman İsmayılbəyli