İnsan Resursları Departamenti struktur təkmilləşdirilməsi ilə əlaqədar açıqlama yaydı
10 Yanvar 2014 15:25 İqtisadiyyatMəlumatda bildirilir ki, ARDNŞ-də aparılan struktur təkmilləşdirilməsi tədbirləri çərçivəsində sərbəstləşən işçilərin şirkətin müəssisə və təşkilatlarında mövcud vakansiyalara müsabiqə yolu ilə yerləşdirilməsi prosesinə başlanılmışdır. Yanvarın 10-da İnsan Resursları Departamentində "Energetik" və "Kadrların hazırlığı üzrə mühəndis" vakansiyaları üzrə ixtisas və iş təcrübəsi uyğun gələn sərbəstləşən işçilər üçün test imtahanı keçirilib. Test imtahanı kompyuter proqramları vasitəsi ilə elektron qaydada aparılır və sərbəstləşən işçilərə yalnız ixtisas üzrə vakansiyaya uyğun 40 sual təqdim olunur. Test tapşırıqlarını cavablandırmaq üçün iddiaçıya 60 dəqiqə vaxt verilir, hər bir test tapşırığı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar düzgün cavablara təsir etmir, ixtisas üzrə təqdim olunan test tapşırıqlarından minimum 50%-nə düzgün cavab verənlər keçid balını toplamış hesab olunur, onların arasından ən yüksək bal toplayan şəxs imtahan verdiyi ixtisas üzrə işlə təmin olunur. Keçid balını toplayanların qalanları isə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilir və imtahan verdiyi ixtisas üzrə növbəti vakansiya yarandıqda topladığı bal nəzərə alınaraq, həmin vakansiya üzrə imtahansız işlə təmin olunur. Sərbəstləşmiş işçilər arasında xüsusi peşəkarlıq tələb olunmayan əməkdaşlar da var. Onların işlə təmin olunması müsabiqə proseduru tətbiq edilmədən aparılır. Belələri təlabata uyğun olaraq sərbəstləşənə qədər işləmiş olduqları sahələrə uyğun şəkildə yerləşdiriləcəklər. OLAYLAR