Maliyyə naziri: Qeyri-neft sektorundan büdcəyə daxilolmalar 13%-ə yaxın artıb

Ötən il dövlət büdcəsinin mədaxili 19 milyard 494 milyon manat və ya 101,8 faiz yerinə yetirilməklə 2012-ci illə müqayisədə 2 milyard 213 milyon manat və ya 12,8 faiz çox olub. "Olaylar" AzərTAc-a istinadən verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib. Nazir bildirib ki, qeyri-neft sektorundan əldə olunan daxilolmalar isə 2012-ci illə müqayisədə 584 milyon manat və yaxud 13 faizə yaxın artıb. Onun sözlərinə görə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi müvafiq olaraq təsdiq olunmuş proqnoza 104,1 faiz və 100,2 faiz əməl edərək büdcəyə 6 milyard 664 milyon manat və 1 milyard 383 milyon manat vəsait təmin ediblər ki, bu da 2012-ci ilə nisbətən müvafiq olaraq 639 milyon manat (10,6 faiz) və 175 milyon manat (14,5 faiz) çoxdur: "Ötən ildə dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin sabit maliyyələşdirilməsi təmin edilmiş, əmək haqları, müavinətlər, pensiyalar üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilib". Nazir bildirib ki, 2013-cü ildə dövlət büdcəsinin xərcləri 19 milyard 112 milyon manat və yaxud 96,3 faiz yerinə yetirilib. Bu, 2012-ci illə müqayisədə 1 milyard 697 milyon manat və ya 9,7 faiz çox deməkdir: "Ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6 milyard 239 milyon manatı sosial təyinatlı xərclərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 598 milyon manat və ya 10,6 faiz çoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31