Bu, sığorta vəsaiti deyil, faktiki vergi növüdür – Toğrul Vəliyev – ÖZƏL
17:13 İqtisadiyyat"Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olaraq işsizlik xüsusi sosial problem kimi qəbul olunmur. Yəni rəsmi olaraq qəbul olunan işsizlik səviyyəsi 4-5 faiz arasıdır və bu, xüsusi olaraq sosial həssas məsələ kimi qəbul olunmur. Çünki nəzərdə tutulur ki, əhalinin böyük hissəsi məşğuldur. Ona görə də ayrılan vəsait daha çox leqallaşma istiqamətində və ya bir günə muzdlu işlə məşğul olan şəxslərin daha davamlı işlə məşğul olmasına yönəlir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Toğrul Vəliyev deyib:
"İşsizlik Sığorta Fondunun gələn il üçün ayrılan vəsaitlərinin 55 faizi aktiv məşğulluq, 45 faizi qurumların saxlanılmasına ayrılıb. Burada belə bir sual yaranır ki, bu fondun ümumiyyətlə mənası nədən ibarətdir? Çünki bu qurumlar olmadan da dövlət işsizlik üzrə müavinəti indiki həcmdə ödəyirdi, indi də ödəyir. Artıq müavinət yox, sığortadır. Amma faktiki olaraq vətəndaşlardan yığılan vəsait hansısa qurumların maliyyələşməsinə gedir. Yəni, bu, artıq sığorta vəsaiti deyil, faktiki olaraq vergi növü kimidir. Çünki vəsait gələcəkdə insanların istifadəsinə yönəlmiş vəsait deyil. Bu, daha çox indi fəaliyyət göstərən bir neçə qurumun fəaliyyəti ilə bağlıdır. Məntiqlə, İşsizlikdən Sığorta Fondunun vəsaitləri ya yığıma getməlidir ki, gələcəkdə insanlar işsiz qalanda bu vəsaiti ala bilsinlər, ya da aktiv məşğulluq tədbirlərinə getməlidir. Başqa bir istiqamət nəzərdə tutulmamalıdır".