Daşkənddə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birlikdə  Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin üzvləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib.

Sözügedən universitetin birinci prorektoru Vahobjon Rajapov Bakıda keçirilən COP29 haqqında məlumat verərək  bu mühüm tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva və digər şəxslərin də iştirak etdiyini, Özbəkistan nümayəndə heyətinin COP29 çərçivəsində keçirilən müxtəlif görüşlər keçirdiyini vurğulayıb. O deyib ki, Azərbaycanda keçirilən bu mötəbər tədbirdə qaldırılmış iqlim və ekoloji problemlər Özbəkistan üçün də olduqca aktualdır və bu məsələlərin həlli ilə bağlı Özbəkistan dövləti tərəfindən müvafiq addımlar atılır, proqramlar həyata keçirilir.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev bu il Azərbaycanda keçirilən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində görülən işlər haqqında məlumat verib. Azərbaycan-Özbəkistan münasibətləri haqqında danışan N. Əlimirzəyev deyib ki, Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərində çox yaxından iştirak edir. Özbəkistan Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri zamanı Xankəndi şəhərində Özbəkistan dövləti tərəfindən yaradılmış tikiş fabrikinin videobağlantı vasitəsilə açılışı bu görülən işlərin məntiqi davamıdır. İqlim dəyişikliyi və ekoloji problemlərdən əziyyət çəkən ölkələr arasında Özbəkistanın da olduğunu qeyd edən N.Əlimirzəyev təbiətin qorunması və bərpasının vacib addım olduğunu vurğulayaraq bugünki aksiyanın ali tədris ocağında tələbələrin iştirakı ilə həyata keçirilməsində məqsədin gənclər arasında təbiətə sevgini aşılamaq, ekologiyanın qorunması və bərpasında onların yaxından iştirak etmələrini təmin etməkdir. Sözügedən aksiyanın məhz COP29 tədbirinin təşkil edildiyi tarixlərdə həyat keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayan N.Əlimirzəyev bununla bir daha özbək cəmiyyətinin diqqətini ölkəmizdə baş tutan bu mötəbər tədbirə və qlobal ekoloji problemlərə yönəltmək olduğunu qeyd edib.    

"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan bu ağacəkmə aksiyasına yüksək qiymət verib. O bildirib ki, bu kimi tədbirlər gənc nəslin ətraf mühitin qorunması, təbiəti sevməsi istiqamətində mühüm addımlardan biridir.

Tədbir çərçivəsində ekoloji fəsadlardan irəli gələn iqlim dəyişikliklərini əks etdirən fotolardan ibarət sərgi də nümayiş etdirilib.

Sonra mərkəzin əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr ağacəkmə aksiyasında iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31