Biznes əxlaqı və sahibkarlar... ARAŞDIRMA

Elə bir ailə modeli düşünmək olmaz ki, maddi problemlər ailənin daxili iqtisadiyyatına, əhvalına təsir göstərməsin. İnsanlar maaşları ilə birlikdə gündəlik həyat xərclərini, kommunal xərclərini ayırıb kənara qoyurdusa, indi bu, bir çox ailələrdə mümkün deyil. Ona görə ki, vətəndaşlar qiymətlərdən bixəbərdir. Aylıq gəlirlər və xərcləri hesablamaq olduqca çətinləşib. Böyük marketlər şəbəkələrinin qiymət oyunları hamıya məlumdur. Ancaq, kiçin məhəllə mağazaları, kiosklar vəziyyətdən vətəndaşın cibinə zərər vuracaq tərzdə istifadə edirlər. Yarım litr sadə suyun qiyməti 60-80 qəpik arasında dəyişir.

Vətəndaşlar artıq bu qiymətlərin real yoxsa süni qiymət artımı olduğunu anlamaqda çətinlik çəkirlər. Öncəki illərdə vətəndaş hansı mağazanın sərfəli hansının bahalıq olduğunu bilirdi. Ancaq, indi bir çox yerlər inflyasiya bəhanəsi ilə qiymətləri kəllə-çarxa çıxarıb.

Problemin nədən qaynaqlandığını öyrənmək üçün mütəxəssislərlə həmsöhbət olduq.

İqtisadi ekspert Razi Abbasbəyli

"Əslində bu qəbul edilən bir normadır. Bütün dünyada qəbul edilən normaya görə, sürətli inflyasiya və bahalaşma bazarda xaotik vəziyyət yaradır. Bu hal bazara saxta məhsulların daxil olmasına səbəb olur, qeyri-qanuni bazarda iştirakçıların sayını artırır, qiymətlərlə bağlı muxtəlif manipulyasiya halları baş verir. Eyni vəziyyət Azərbaycan üçün də xarakterikdir. Çünki, bahalaşma və infilyasiyanın sürətli şəkildə davam etməsi vəziyyətdən suistifadə edənlərin əlində əlavə imkana çevrilir. Onlar üçün şərait yaranır. Bu baxımdan Azərbaycanda xüsusilə, ərzaq bazarında və gündəlik istehlak malları sektorunda qiymətlərlə bağlı manipulyasiya halları çoxalıb. Əlbəttə, bununla mübarizə üçün müvafiq dövlət qurumları var. İqtisadiyyat Nazirliyi yanında antiinhisar və nəzarət departamentləri var. Hətta, qeyri-hökümət təşkilatları da var. Onlara dövlət tərəfindən layihələr həyata keçirilməsi üçün vəsaitlər ayrılır.  İqtisadiyyat Nazirliyi tərkibində yerləşən dövlət qurumuna da yetəri qədər vəsait ayrılır.  Həmin qurumların üzərinə qiymətlərin bazarda xaotik hal almaması üçün nəzarət vəzifəsi qoyulur. Onlar, bu işi görməlidir. Təəssüf ki, biz bu, işlərin yetərli səviyyədə olmasının şahidi olmuruq. Doğrudur, iri marketlər zincirləri arasında qiymət baxımından böyük fərq olmur. Bu fərq 1-2 və 5-10 qəpik arasında dəyişir.

Böyük marketlər şəbəkəsinə aid olmayan yerlərdə, xüsusilə, regionlarda qiymətlərin süni şəkildə şişirdilməsinin şahidi oluruq. Sürətli bahalaşmaya görə vətəndaş məhsulun qiymətinin real olub olmamasını ayırd edə bilmir. Bununla bağlı dövlət qurumları mütamadi monitorinqlər keçirməlidir. Həm cəza tədbiri görülməli, həm də, ictimai qınaq şəklində özünü göstərməlidir.

Dövlət qurumları bu sahədə fəaliyyət göstərsələr də, gördüyü işlər qənaətbəxş səviyyədə deyil. Digər məsələ dünya iqtisadiyyatında qəbul edilmiş normadır. İnfilyasiyanıb sürətləndiyi bir dövrdə, qiymətlərin bahalaşması şəraitində "katolizator" rolunu oynayan, qiymətləri daha da irəli atan mexanizmlər var. Bunlara parazit mexanizmlər deyilir. Azərbaycanda həmin mexanizmlər fəailiyyət göstərir. Parazit mexanizmlər çox qısa bir zaman ərzində qiymətin süni şəkildə artımı, xaotik vəziyyət, nəticə etibarı ilə real qiymət artımı şəklində özünü göstərir. Süni şəkildə artırılan qiymətlər özünü real bahalaşma  formasında rəsmiləşdirir. Bununla bağlı dünyada qazanılan təcrübə və mübarizə metodları var.  Kiçik mağazalardan iri istehsal müəssisələrinə qədər qiymətlərin tənzimlənməsi ilə bağlı ayrı-ayrı proqramlar qəbul edilib. Bu, proqramlar Dünya ticarət təşkilatı, Dünya bankı tərəfindən tövsiyə edilən proqramlardır. Proqramlar inkişaf etmiş ölkələrin təcrübəsində istifadə edilir. Azərbaycanda isə fəaliyyət ürəkçan deyil".

fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub

"Qiymətlərin artması bir tərəfdən iqtisadi amillərlə əlaqəlidir, digər tərəfdən sosioloji-əxlaqi məsələdir. Qiymət artımı sırf iqtisadi amillərə bağlıdırsa, bunu təbii qarşılamaq olar. Lakin, bəzən bu kimin və ya kimlərinsə mühtəkirlik yolu ilə varlannaq sevdasına görədir. Hansısa sahibkar insanların sosial durumunu düşünmədən qiymətləri artırır. Burada artıq əxlaq məsələsi gündəmə gəlir. Bu gün və müasir dünyada "biznesdə əxlaq" ciddi və trend mövzulardan biridir. Təbii ki dövlət hüquqi yolla bazara müdaxilə etməlidir. Bu müdaxilə heç də azad bazar iqtisqdiyyatı prinsiplərinə zidd deyil. Müasir iqtisadçı psixoliq Dan Arielli "Gözlənilən irrasional" əsərində bu müdaxiləni təqdir edir. Lakin, dövlətin müdaxiləsi fonunda hər bir sahibkarın bir daxili-mənəvi nəzarətçisi olmalıdır. Sahibkar da insandır, o insanlığını itirməməlidir".

İqtisadi ekspert Emin Qəribli

"Qiymət artımı son zamanlarda dünya iqtisadiyyatını narahat edən problemdir. Qlobal problemdir. Problemin strukturuna diqqət yetirsək, görərik ki, bunun səbəbi dünyada gedən proseslərdir. Pandemiyanın qarşısı alınması üçün dövriyyəyə pul buraxıldı. Bu səbəbdən xüsusilə, ərzaq məhsullarında qiymət artımı yarandı. Hazırda bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin problemi bunlardır.

Azərbaycanda isə vəziyyətdən istifadə edən, süni qiymət artımı edənlər var. Müvafiq icra orqanları var ki, buna nəzarət etməlidir. Mütəmadi olaraq monitorinq keçirilməlidir. Nəticə olaraq cəza tədbiri görülməlidir. Xüsusən, qida məhsulları üçün yaranan vəziyyətdən istifadə etmək olmaz. Istənilən halda görürük ki, bu hal uzun çəkməyəcək. Xüsusi dövlət orqanları bununla məşğul olurlar. Rəqabət mühiti olduqda qida məhsullarının qiyməti enəcək. Süni qiymət artımı ilə bağlı hər bir dövrün özünə uyğun mübarizə üsulundan istifadə etmək lazımdır".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31