Dövlət büdcəsinə dəyişikliklər hansı zərurətdən yaranıb?
24 İyun 2022 11:50 İqtisadiyyatDaxil olan əlavə vasait hansı sahələrə xərclənəcək?
Ölkə parlamenti "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun layihəsini müzakirəyə çıxarıb. Sənəddə dəyişikliyə səbəb büdcə gəlirlərində qeydə alınan artım göstərilir. Belə ki, qlobal pandemiya şəraitində 2020-ci ildə ölkə iqtisadiyyatında yaşanan resessiya 2021-ci ildən başlayaraq iqtisadiyyatın sürətli bərpa prosesi ilə əvəzləyib. Cari ilin ötən dövründə ölkə iqtisadiyyatının artımının müsbət dinamikasının davam etməsi müşahidə edilib. Konkret olaraq son beş ayda icmal büdcənin gəlirləri 15 milyard 549,9 milyon manat olub. İcmal büdcə xərcləri 11 milyard 650,1 milyon manat təşkil edib. Bu ilin ötən beş ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6 milyard 353,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Onu da xatırladaq ki, dövlət büdcəsinin gəlirlərinin artmasının əsas mənbəyini hüquqi şəxslərin gəlir vergisi, əlavə dəyər vergisi, gömrük daxilolmaları təşkil edib. Bundan başqa, hesabat dövründə, "Azeri Light" markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub, və ya dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün istinad götürülən qiyməti 2 dəfədən artıq üstələyib. 2022-ci ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və dünya neft bazarlarında müşahidə edilən dinamika cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradıb. Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları, orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində götürülüb.
Büdcəyə daxil olan əlavə vəsaitin ayrılacağı sahələr də müəyyən edilib. Bu vəsait ilk növbədə işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturlarının təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi; Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidənqurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi; Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi; Sosial mudafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardım, əməkhaqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi; Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsinə yönəldiləcək. Məlumat üçün qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına 2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun çəkilməsinin başa çatdırılması nəzərdə tutulur. Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsinə əlavə 1 milyard 447 milyon manat ayrılacaq. Həmçinin, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, bir sıra yeni infrastruktur layihələrinin maliyyələşdirilməi məqsədilə xərclərin artırılması da nəzərdə tutulur.
Eyni zamanda, büdcə layihəsinə əsasən pensiyalar üçün ayrılan vəsait 306 milyon manat artırılır. Bundan başqa, cari ildə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması prioritet məsələ sırasındadır. Məşğulluq sahəsində yaradılacaq elektron sistem bu proseslərin tamamilə elektronlaşdırılmasına şərait yaradılacaq. Yeri gəlmişkən xatırladaq ki, dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin həcmi şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyinin göstəricisi kimi qəbul edilə bilər. Başqa sözlə, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Belə ki, ötən müddət ərzində 6 min müharibə iştirakçısı özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib.
Ümumilikdə 2022-ci ilin dövlət büdcəsinin kəsiri 43,0 milyon manat artırılaraq 3106,0 milyon manat təşkil edəcək ki, bu da ilin sonuna gözlənilən ümumi daxili məhsulun 2,7 faizi səviyyəsində olmaqla təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd azdır. Yenidən baxılma nəticəsində icmal büdcənin gəlirləri 36661,0 milyon manat, xərcləri 35541,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən müvafiq olaraq gəlirlər üzrə 8976,0 milyon manat və ya 32,4 faiz, xərclər üzrə isə 2627,0 milyon manat və ya 8,0 faiz çoxdur. İcmal büdcə 5229,0 milyon manat kəsirlə təsdiq olunsa da 6349,0 milyon manat əlavə gəlirləri hesabına icmal büdcədə 1120,0 milyon manat profisit yaranacaq. Sonda onu qeyd edək ki, büdcə gəlirlərinin artması infilyasiyanın artacağını şərtləndirir. İlin sonuna qədər inflyasiya göstəricisinin 12.5 faiz olacağı proqnozlaşdırlır. Bunun qarşısını almaq üçün infilyasiya ilə mübarizə tədbirləri gücləndirilməli, xüsusən süni qiymət artımının qarşısı alınmalıdır. Nəzərə almaq lazımdır ki, pandemiyanın təsiri, xüsusilə son aylar Rusiya və Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan iqtisadi geriləmə və enerji daşıyıcılarının bahalaşması dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri bu ilin yanvar-may aylarında 18 %, son 1 ildə isə 23 %-ə yaxın artıb. İqtisadiyyat Nazirliyindən bildirilib ki, dünyada ərzaq qiymətlərinin kəskin bahalaşmasının ölkəmizdə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısını almaq məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin görülməsi işlərə başlanıb. Bununla əlaqədar Nazirlər Kabineti tərəfindən fevral ayında müvafiq sərəncam imzalanıb. Nazirlər Kabinetinin qərarı ilə bir sıra malların istehsalı rüsumdan azad edilib. Həmin məhsulların əlavə dəyər vergisindən azad edilməsi istiqamətində təkliflər hazırlanaraq təqdim olunub. Qeyd edilənlərdən əlavə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Dövlət Nəzarəti Xidməti tərəfindən qarabaşaq, çörək qiymətlərində qanun pozuntularının qarşısını almaq məqsədilə zəruri tədbirlər görülüb. Həmçinin dünyada baş verən proseslərdə ölkəmizin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirinin qarşısını almaq məqsədilə Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan bir sıra ərzaq məhsullarının ölkə ərazisindən çıxarılmasının tənzimlənməsini nəzərdə tutan qərarlar qəbul edib.
Alim