Dolların bahalaşması manatın məzənnəsinə təsir göstərə bilərmi?

Bir az öncə Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini  75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. FED sədri Cerom Pauell uçot stavkasının növbəti ayda da yenidən artırılacağını istisna etməyib. İnfilyasiyasnı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görsənir. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər. Millət vəkili Vüqar Bayramov qeyd edib ki, FED bu il 2 faizlik infilyasiya hədəfləsə də aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək yüksəlib. Bu son 40 ildə ABŞ-da ən yüksək infilyası göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib: "FED uçot stavkasını artırmamışdan öncə, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi. Təbii ki, ən çox verilən sual ənənəvi idi: dünya bazarında dollar kəskin bahalaşacaqmı? Artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib. Ötən həftə "özünə gələn" Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1.04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də ABŞ birjalarında aktivlik müşahidə olunur". Manatın məzənnəsinə gəldikdə isə millət vəkili qeyd edib ki, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: "Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Qeyd edək ki,  tez-tez mərkəzi bankların uçot dərəcəsini artırıb-azaltdığının şahidi oluruq. Buna ən bariz nümunə kimi son dövrlərdə mətbuatı məşğul edən FED-in (FES) açıqlamalarını göstərə bilərik. Bəs, uçot dərəcəsi nədir? Onun dəyişməsinin iqtisadiyyata, maliyyəyə və bizə nə kimi təsirləri var?  Xatırladaq ki, uçot dərəcəsi yenidən maliyyələşdirmə alətidir. Yəni, mərkəzi bankın kommersiya banklarını pul kütləsi ilə təmin etməsidir. Daha sadə dillə desək, mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir. İkinci suala aydınlıq gətirmək üçün isə öncə, uçot dərəcəsi artdığı zaman nələr olacağına nəzər yetirək: Uçot dərəcəsi artarsa,  ölkədəki kommersiya banklarının vətəndaşlara və hüquqi şəxslərə verdiyi kreditlərin faiz dərəcələri artacaq. Nəticədə daha az adam kredit götürəcək, iqtisadiyyatda pulun həcmi azalacaq. Bu isə inflyasiya və iqtisadi artımın aşağı düşməsinə gətirib çıxaracaq. Əgər uçot dərəcəsi azalarsa, kommersiya banklarının faiz dərəcələri aşağı düşəcək.Faiz dərəcəsinin aşağı düşməsi kredit götürmək imkanlarını artıracaq. Yəni, istəyən şəxsin rahat kredit götürməsi pulun həcminin çoxalmasına gətirəcək və inflyasiya dərəcəsi çoxalacaq. Uçot dərəcəsinin artması milli valyutanın digər valyutalar qarşısında dəyər qazanmasına gətirib çıxarır. Buna misal olaraq Azərbaycan Mərkəzi Bankının son dövrlərdəki uçot siyasətini göstərə bilərik ki, bu da manatın sabit qalmasına yönəlmiş siyasətdir. FED isə ingilis dilində Federal Reserve System, yəni Federal Ehtiyatlar Sistemi (FES) mənasındadır. Əsasən FED kimi işlənir. FED ABŞ-ın Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturudur. Kapital forması şəxsi olsa da, idarəsində dövlətin böyük rolu var. FED-in hüququ statusu xüsusi qanunla tənzimlənir.Qanuna görə FED xüsusi maliyyə təsisasıdır,həm müstəqil hüquqi şəxsdir, həm də ictimai xarakterli dövlət nümayəndəsidir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir. Mərkəzi Bank elan etdiyi çevik məzənnə rejimini tətbiq edib və bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradıb. Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə zəruri korreksiyalar edib. Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirib.  Bu arada Mərkəzi Bankdan bildirilib ki, 2021-ci ildə 12 aylıq inflyasiya 12% və orta illik inflyasiya isə 6.7% təşkil edib. Rəsmi məlumata görə, ümumi inflyasiyanın artımına ərzaq məhsullarındakı qiymət artımı daha çox təsir edib. Belə ki, ərzaq məhsulları üzrə 12 aylıq inflyasiya 15.8% olub. İnflyasiyanın digər komponentləri olan qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templəri müvafiq olaraq 7.7% və 10% təşkil edib. Ümumilikdə, inflyasiyaya dünya ərzaq qiymətlərinin bahalaşması, ticarət tərəfdaşı ölkələrdə inflyasiyanın artması və artan məcmu tələb təsir göstərib. Mərkəzi bank tərəfindən həyata keçirilən monetar siyasət inflyasiyanın hədəf diapozonuna qaytarılmasına yönəldilib. Belə ki, Mərkəzi Bank tərəfindən ilin ikinci yarısından etibarən uçot dərəcəsi 3 dəfə ardıcıl yüksəldilərək 6.25%- dən 7.25%-ə (aşağı hədd 6%, yuxarı hədd 8.25%) qaldırılıb. Bundan əlavə, qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün 21 fevral 2022- ci il tarixində "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalanıb. İşgüzar aktivliyə və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq və inflyasiyanın mənfi təsirlərinin azaldılması istiqamətində müvafiq tədbirlər görülməsi məqsədilə Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31