Bahalaşma: hara gedirik?
27 May 2022 18:00 İqtisadiyyatSon dövrlər ərzaq məhsullarında kəskin qiymət artımı müşahidə olunur. Bu qiymət artımı insanların həddən çox narahatlığına səbəb olub. Əslində tək ölkəmizdə deyil, bütün dünya əsasən də Avropa ölkələrində qiymət artımı, infilyasiya təzyiqlərinin çoxalması yüksək həddə çatıb. Rusiya-Ukrayna müharibəsi də buna rəvac verən proseslərdən biridir. Lakin qeyd edək ki, beynəlxalq təşkilatların proqnozlarını nəzərə alsaq, inflyasiyanın 2021-ci ildə ən yüksək həddə çatacağı, 2022-ci ildə inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılırdı. Lakin bu baş tutmadı. Əksinə 2022-ci ildə ümumdaxili məhsulun real artım səviyyəsi 2021-ci ildə nəzərdə tutulan rəqəmləri aşıb. Bunun səbəbləri nələrdir? Nə vaxta qədər bu davam edəcək? Hər şey yenidən normal vəziyyətə dönə bilərmi? İnfilyasiyanın hədsiz artımı ərzaq qıtlığı ilə nəticələnə bilərmi? Qiymət artımının qarşısını almaq olarmı?
Suallarımıza cavab tapmaq üçün ekspertlərlə həmsöhbət olduq.
İqtisadi ekspert Natiq Cəfərli: 2020-ci ildə pandemiyadan sonra bütün dünyada loqistika, istehsalı zəncirləri və onun həcmi ilə bağlı müəyyən problemlər yaşanmağa başladı. 2020-ci ildən dünyada ərzaq qiymətlərinin artımını müşahidə edirik. Həmin il, yəni pandemiyanın ilk ili, dünyada ərzaq indeksi təqribən 15-18% bahalaşdı. 2021-ci ildə də bu tendensiya davam etdi. Həmin tədarük zəncirlərinin, əlaqələrinin qırılması və istehsal həcmlərinin azalması yenidən dünyada ərzaq indeksinin bahalaşması ilə müşahidə olundu. Yəni 2021-ci ildə də dünyada ərzaqın qiymətinin kəskin artmasının şahidi oluruq. Nəticə etibarilə, 2021-ci ildən başlayaraq dünyanın inkişaf etmiş ölkələrində infilyasiya göstəriciləri yüksəlməyə başladı. ABŞ-da son 40 ilin ən yüksək infilyasiya qeydə alındı, 8% civarında. Avropa birliyində də, bir çox Avropa birliyi ölkələrində də eyni qaydada infilyasiya, qiymətlər çox sürətlə artdı. Elə ölkələr oldu ki, qiymət artımı 15-20% civarında da oldu. Yəni Avrozonaya daxil olmayan ölkələrdən söhbət gedir. Ona görə də, dünyada bu tendensiya gedirdi. Rusiya-Ukrayna müharibəsi, Rusiyanın Ukraynaya təcavüz etməsi bu problemləri, məsələləri daha da artırdı. İndi də dünya da fiziki olaraq ərzaqla, bəzi ərzaq növləri ilə bağlı fiziki çatışmazlıq artdı. Qiymət artımı bir problemdir, bu problem yenə də gedir. BMT-nin son hesabatına görə, dünyada ərzaqın qiyməti son 1 ildə 30% artıb . Ərzaq indeksi 30% bahalaşıb. Amma tək bu problem deyil. Qiymətin artması böyük problemdir, amma yeganə problem deyil. Fiziki olaraq bəzi məhsullar çatışmır. O cümlədən bitki yağıları, buğda məhsulları. Bu da kifayət qədər ciddi problemlər yaradır. Ona görə də, istər-istəməz Azərbaycanda da , dünyanın bir tərkib hissəsi olaraq qiymət artımının şahidi oluruq. Bizdə idxal infilyasiyasi güclüdür. Biz idxaldan çox asılıyıq. Yerli istehsalımız çox zəifdir. Ona görə də, dünyada baş verən proseslər, Azərbaycana da təsir göstərir. Təbii ki, bu bitki yağları, buğda ilə bağlı müəyyən fəlakət ssenarilərində şayiələr də yayılır. Bu qiymətin artımına təsir edə bilir, amma qiyməti artıran əsas şaiyə deyil təbii ki, qiyməti artıran əsas obyektiv səbəblərdir. Fiziki qıtlıq məsələsi var, yəni istehsal azalır, həm də qiymətlər çox sürətlə artır.
Məsələnin sosial tərəflərini üzə çıxaran sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, qiymət artımı hər tərəfdə özünü göstərməkdədir. Proqnoz veriləndə ki, Rusiya-Ukrayna müharibəsindən sonra bahalaşma başlayacaq, bir qisim, hansı adla adlandırım bilmirəm, insanlar elə indidən qiymətləri artırmağa başlayıb. Bahalaşmanın təsiri Azərbaycana gəlib çıxmadan, artıq qiymət artımına start veriblər.
" Neynəmək lazımdı? Burada prosesləri tənzimləmək lazımdır. Yəni, əhalini möhtəkirlərin ayağına vermək olmaz. Möhtəkir insanlar dərhal vəziyyətdən istifadə edərək, qiyməti qaldıracaq, orada camaata əziyyət verə-verə pul toplayacaqlar. Onu da gedib axmaq işlərə xərcləyəcəklər. Digər tərəfdən insanlar həm çətin vəziyyətə düşəcək, həm də bu ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirəcək. Bu məsələlərlə təcili şəkildə müdaxilə lazımdır. Kasıb neynəsin? Kasıbın bir yolu var ki, qiyməti artan "Fanta"nı içməsin, fasd-food yeməklərini yeməsin. Bu məsələlərdə qənaətcil olmaq lazımdır. Doğurdan da yer üzündə müəyyən bahalaşma gözlənilir. Bu bahalaşmada müəyyən işlər həm əhalinin üzərinə düşür, həm də dövlətin. Bu prosesə müdaxilə olunmalı və tənzimlənməlidir. Əhali isə daha qənaətcil olmaq vərdişlərini özündə formalaşdırmalıdır. İnsanlarımız çalışmalıdır ki, sağa -sola pul xərcləmək vərdişlərini tərgitsinlər. Bu tarixən də belə olub. Bir neçə xalqlar qənaətcillyi ilə seçilir,fərqlənir. Buna almanlar, yəhudilər, Avropanın bir neçə xalqını nümunə göstərmək olar. Onlar da həmin bu tarixi çətinliklərdən keçərək həyatın vacibliyini öyrəniblər. Digər tərəfdən bizim şəriətimiz İslam, bu bizi eyni zamanda qənaətcil olmağı öyrədir. Sağa -sola pul xərcləməyə, artıq xərc çəkməyə dinimizdə də yaxşı baxılmır. Ona görə bir tərəfdən dinin tövsiyyələrini nəzərə almaq lazımdır. Bacardığımız qədər pula qənaət etmək lazımdır. Yalnız vacib olan şeylərə pul xərcləmək lazımdır. Eyni zamanda, müəyyən qədər pul yığmağa da ehtiyac var. İnsanlar bir az pul yığmaq haqqında da fikirləşməlidir ki, belə bir vəziyyətdə, fövqəladə bir hadisə olduqda, ya insanin səhhəti, ya digər məsələlərlə bağlı xoşagəlməz hadisə olduqda müəyyən qədər qənaət etdiyi pulu olsun. Ona görə burada təkcə əhalidən yox qarşılıqlı olaraq həm dövlətdən, həm əhalidən, həm maarifləndirmə aparan qurumlardan, dini təşkilatlardan belə ciddi fəaliyyət gözlənilir. Ümumi qarşılıqlı razılaşma əsasında əhalinin öz davranışında bu istiqamətdə dəyişikliklər etməsinə ehtiyac var. Bu məsələdə uyğun məhsul dövlət qurumlarının da üzərinə çox böyük vəzifələr qoyur"
Mehriban Xəlilli