Ağdamda 3 cəbhəyanı kəndi əhatə edən yerli əhəmiyyətli yol yenidən qurulur

Ağdamda 3 cəbhəyanı kəndi əhatə edən yerli əhəmiyyətli yol yenidən qurulur

Ağdam rayonunda cari ildə 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamılarına əsasən, yenidən qurulması işlərinə start verilib. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 km olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yoludur.

Tikinti norma və standartlarına uyğun olaraq hazırda yol boyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür.

Layihə çərçivəsində yol boyu yol əsasın alt layının karxana çınqılı, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin də eyni materialla təmiri nəzərdə tutulur. Bundan sonra 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkilı üçün isə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Ümumilikdə 6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi əhatə edən yolun yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31