İslahatlar ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli qeyd edib ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə - post-neft dövrünə daxil olub: "Bu həm də bizim dünyada gedən proses və meyllər kontekstində çox mürəkkəb və məsuliyyətli bir dönəmə qədəm qoyduğumuz dövrə düşür. İslahatlar istiqamətində atılan addımlar ölkə iqtisadiyyatını əsaslı surətdə modernləşdirmək, neft gəlirlərinin dominant rol oynadığı iqtisadiyyatdan insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf relsləri üzərinə keçirmək, dövlətin əhaliyə xidmət göstərmək imkanlarını yaxşılaşdırmaq üçün kompleks şəkildə və davamlı olmalıdır. Ona görə də bu mərhələnin çağırışları həm də obyektiv surətdə müstəqilliyimizə real məzmun verilməsinin gücləndirmək baxımından hər kəsin öz üzərinə düşən məsuliyyəti dərk etməsini və real islahatları dəstəkləməsini zəruri edir. Reallıq hislərini itirməyən hər kəs artıq bunun fərqindədər. Prezident seçkilərindən sonra ölkədə islahatlar istiqamətində atılan addımlar genişləndirildi və bu ilin ilk aylarında daha da sürətlənib. İqtisadiyytın real və maliyyə sektoru üzrə aparlan islahatları bu il sosial sektorla bağlı islahatlarla tamamlanır. Bu çox zəruri və faydalıdır. Çünki, xüsusən də 2015-ci ilin iki şok devalvasiyasından sonra Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə göstəriciləri ilə müqayisədə xeyli geri qalır. Bu geriliyi aradan qaldırmaqdan ötrü irəli sürülən Yeni Sosial Paket 3 milyondan artıq adamı əhatə edir. Bu, həm 2015-ci ilin iki şok devalvasiyası nəticəsində əhalinin məruz qaldığı itkilərin kompensasiya edilməsi, həm də daha geniş dairənin islahatları dəstəkləməsi üçün çox vacib şərtdir. Ona görə də hər şeydən əvvəl, real vəziyyətin tələbindən çıxış edərək xüsusi vurğulamaq istəyirik ki, islahatlar istiqamətində atılan addımlar ölkə iqtisadiyyatını əsaslı surətdə modernləşdirmək, hökumətin əhaliyə xidmət göstərmək imkanlarını yaxşılaşdırmaq üçün yetərli qədər davamlı və dərin olmalı, insanlar isə ölkədə sabitliyin təmin edilməsinə öz töhfəsini artırmalıdır ki, islahatların iqtisadi nəticələrə və deməli əhalinin güzaranına müsbət təsiri artmış olsun. Düzgün təşkil olunmuş və dolğun həyata keçirilən islahatlar iqtisadi nüfüz, tərəqqi və rifah mənbəyidir. Müasir dövrdə islahatlar yolu ilə iqtisadi artımın generatoruna çevrilən insan kapitalının keyfiyyəti və inkişafı üzrə zəif mövqedən güclü mövqeyə keçid təmin edilməlidir. Azərbaycanın potensial imkanları belə bir fikir söyləməyə əsas verir ki, başlanan islahatlara davamlı xarakter verilsə, imitasiyalara yer olmasa, bəzi məmurların və qanundan yuxarıda duranların bu islahatlardan sui-istifadə etmək səylərinin qarşısı alınsa, iqtisadiyyatın davamlı inkişafinı, rəqabət qabiliyyətliliyini və əhalinin rifahının artırılmasını təmin edə bilərik. Bundan ötrü görülməsi vacib olan işlərin miqyasları görülən işlərdən xeyli böyük olduğundan qarşıda hələ xeyli iş var". Millət vəkili dövlət başçısının "Fiziki şəxslərin problemli kreditlərinin həllilə bağlı əlavə tədbirlər haqqında" Fərmanını da yüksək qiymətləndirib: "Problemlli kreditlər əhalinin güzəranını pisləşdirən ciddi amillərdən biri olduğundan, bu fərmanın reallaşdırılması yüz minlərlə ailənin büdcəsinə müsbət təsir edəcək. Bu fərman say baxımından, banka borcu olan şəxslərin 90 faizindən çoxunu sarsıdıcı bir maliyyə sıxıntısından azad edir. Banka borcu olanlardan əlavə, kredit alanlara zəmanət verən 1 milyona yaxın adam da borc tələsinə düşərək əziyyət çəkir. Onların da xeyli hissəsi bu fərmana aid vətəndaşlara zamin duran insanlardır. Bu baxımdan dövlət 2015-ci ilin iki şok devalvasiyası nəticəsində yaranan məzənnə fərqini öz üzərinə götürməklə, 850 mindən artıq insanı banka olan əlavə borc yükündən azad edir, borca görə yaranan dəbbə pulları-peniya və cərimələr silinir. Əsas borcun qaytarılması işini isə ildə 26-28 və daha yüksək faizlə götürülən kreditlərin yeni müqavilə əsasında ildə 1 faizli kredit hesabına ödənilməsini təmin etməklə vətəndaşların işini asanlaşdırır və beləliklə borclunu gələcək risklərdən də qoruyur. Ona görə də çoxdan gözlənilən bu qərar həm əhalinin böyük bir kəsimi, həm banklar, həm də dövlət üçün faydalıdır. Bununla belə təbii ki, bu Fərman sözügedən sahədəki problemlərin hamısını həll eləmir. Prezidentin problemli kreditlərlə bağlı Fərmanı banka 10 min dollardan və 17 min manatdan artıq borcu olanlara şamil edilmədiyindən, həmin məbləğdən yuxarı kreditlərlə bağlı problem qalır". Millət vəkili hesab edir ki, Fərmanda göstəriləndən artıq kreditlərə, xüsusən də devalvasiya nəticəsində ağır duruma düşən kiçik və orta sahibkarlara da kömək etmək məqsədəuyğun olardı: "Hüquqi şəxslərin, biznes strukturlarının problemli kreditlərinin həlli zamanı fərqli yanaşma tələb olunacaq. Amma Konstitisiya Məhkəməsinin xarici valyutda olan kreditlərlə bağlı çıxardığı qərar risklərin bölüşdürülməsinə əsaslanan optimal qərarlar verməyə mane ola bilər. Ona görə də bu fakt da sözügedən məsələyə yenidən baxılmasını zəruri edir. Bununla bağlı digər vacib məqam da var: sözügedən fərman 10 min dollar və 17 min manata qədər olan borclarla bağlı məsələni həll etsə də, daha iri digər borclar yenə də sahibkarların və vətəndaşların üzərində qalmaqda davam edir. Ona görə də ümumiyyətlə, problemli kreditlər məsələsinin köklü həllinin mükəmməl bir normativ-hüquqi bazasının yaradılmasına ehtiyac var. Bu baxımdan "Problemli kreditlərlərin restrukturizasiyası" haqında qanunun hazırlanıb qəbul edilməsinin vacib hesab edirik. Bundan əlavə, Mülki Məcəllədə və digər qanunlarda kreditlərlə bağlı hissələr Azərbaycan Konstitusiyasının milli valyuta ilə bağlı mövqeyini birmənalı ifadə edən vəziyyətə gətirilməkdən ötrü yenidən işlənib anlaşılan hala salınmalıdır ki, bundan sonra heç vaxt Konstitusiya Məhkəməsinin 2015-ci ilin mayında və 2018-ci ilin sentyabrında bankların xeyrinə çıxardığı və bu fərmandan sonra da qüvvədə olan şərh və qərarlarına yer qalmasın. İstehlak kreditləri barədə də qanunun qəbul edilməsi zəruridir. Azərbaycanda problemli kreditlər məsələsinin etibarlı şəkildə həll etməkdən ötrü hər şeydən əsaslı islahatlara gedib bir sıra banklar üçün xarakterik olan bank soyğunçuluğunu aradan qaldırmaq lazımdır. Problemli kreditlər məsələsinin həlli istiqamətində başlanan işlər banklarda xeyli ucuz kredit resurlarının yaranmasına şərait yaradacaq. Bundan məqsədyönlü şəkildə istifadə etməklə iqtisadiyyatın qan-damar sistemi olan bank sistemi, münasib xarici bankları da cəlb etməklə sağlamlaşdırılmalı, yenidən qurulmalı, bu sahədə raqabət yaranmalı və 26-28 faizlik soyğunçu faiz dərəcələri ilə işləyən bank sistemindən birrəqəmli faiz dərəcələri ilə fəaliyyət göstərən sivil bank sisteminə keçid sürətləndirilməlidir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31