“Baş məşqçi “Neftçi”yə uduzmağımızı xahiş etdi”

Tovuzun "Turan" klubunun sabiq futbolçusu Valeriy Onile Moldova mətbuatına müsahibəsində 2009-cu il dekabrın 5-də Azərbaycan çempionatında "Neftçi"yə qarşı görüşdə bilərəkdən məğlub olduqlarını etiraf edib."Qafqazinfo" xəbər verir ki, sportpress.az onun müsahibəsindən şok etirafları təqdim edir: "Tovuzda oynadığımız zaman "Neftçi"nin sabiq çalışdırıcısı bizdə baş məşqçi idi. Təsəvvür edin, onun çempionluğa oynayan keçmiş komandası Tovuzda qonağımızdır. Bizə heç kim əvvəlcədən oyunu verməli olduğumuzu demədi. Amma start heyət şübhəli idi. Çünki, ilk dəqiqələrdən əvəzedicilərin futbolçularını, daim ehtiyatda qalanları meydana buraxdılar. İlk hissədən sonra hesab 2-0 bizim xeyrimizə idi. Soyunub-geyinmə otağında baş məşqçimiz dedi ki, ona kömək edək. O, bizdən "Neftçi"yə uduzmağı xahiş etdi. Belə də dedi: "Kömək edin, bu gün uduzmaq lazımdır. Amma mükafat da olmayacaq". Nəticədə biz 2-3 hesabıyla uduzduq. Təcrübəli futbolçular meydana çıxmaqdan imtina etdilər. Onlar bu "şou" da iştirak etmək istəmədiklərini məşqçiylə mübahisə etməklə bildirdilər."Qeyd edək ki, 2009-cu ilin dekabrın 5-də Tovuzda keçirilən "Turan"-"Neftçi" görüşündə meydan sahiblərinin baş məşqçisi Nizami Sadıxov idi. Həmin oyunda "Turan" 2-0 hesabıyla öndə olsa da, sonrada 3-2 hesabıyla şübhəli məğlubiyyətə uğrayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31