"Barselona"nın futbolçusu Dani Alves yeni mövsümdən İngiltərə klubuna keçəcək

İspaniyanın "Barselona" futbol klubunun müdafiəçisi Daniel Alves növbəti mövsümdən İngiltərə klubunda çıxış edəcək. Trend xarici mətbuata istinadən xəbər verir ki, bu barədə braziliyalı futbolçu yerli KİV-ə müsahibəsində deyib. Bir müddət əvvəl xəbər verilmişdi ki, Braziliya yığmasının oyunçusu gələn ildən İtaliyanın "Yuventus", yaxud Fransanın PSJ klubuna keçəcək. Alves deyib: "Gələn ildən mən dəqiq İngiltərəyə keçəcəyəm. Bu mənim "Barselona"da son mövsümümdür". Alves Kataloniya klubunda 2008-ci ildən çıxış edir. Bu müddət ərzində o, 188 oyun keçirib və 14 qol vurub. Alves 4 dəfə İspaniya çempionu (2008/09, 2009/10, 2010/11, 2012/13-cü illər), iki dəfə ölkə Kubokunun (2008/09, 2011/12-ci illər) və 4 dəfə İspaniya Superkubokunun (2009, 2010, 2011, 2013-cü illər) sahibi olub. O iki dəfə Çempionlar Liqasında (2008/09, 2010/11) və iki dəfə UEFA Superkubokunda (2009, 2011) qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31