“Qəbələ” Markinyoşla yollarını ayırdı

"Qəbələ" futbol klubu yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb. 2014-2015 mövsümünün startından "qırmızı-qara" formanı geyinən futbolçunun "qırmızı-qaralar"ın heyətindəki yarımillik karyerası başa çatıb. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2014-cü ilin yayında transfer olunan 23 yaşlı braziliyalı legioner mövsümün ilk yarısında komandamızın heyətində 13 oyun keçirib. Ötən ilin avqustun 23-də keçirilən Topaz Premyer Liqasının III turunun "Bakı" ilə oyununda (2:0) "Qəbələ" formasında debüt edən Markinyoş 12 çempionat oyununda 700 dəqiqə meydanda olub, 1 qol və 1 sarı vərəqə ilə diqqət çəkib. O, XII turun noyabrın 20-də keçirilən AZAL-la oyununda (3:3) yeganə qolunu vurub. Braziliyalı futbolçu 55 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də "Sumqayıt"la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoşun "Qəbələ"də son matçı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31