Millinin məşqçiləri 20 Yanvar qurbanlarını yad ediblər

Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının və U-21 yığmamızın məşqçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar görüş keçirib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplantıda əvvəlcə Azərbaycan respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qətliamın insanlığa qarşı cinayət olduğunu bildiriblər. Xatırladaq ki, millimizin məşqçiləri və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək üçün Antalya şəhərindədirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31