“Simurq” Qazaxıstan klubuna məğlub oldu
19 Yanvar 2015 15:29 İdmanAntalyada qış təlim-məşq toplanışında olan "Simurq", üçüncü yoxlama görüşünə çıxıb. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandamız Qazaxıstanın "İrtış" klubu ilə üz-üzə gəlib. Baş məşqçi Georgi Çixradze Amil Ağacanov, İlkin Qırtımov, Tural Axundov, İdan Vaytsman, Melli, Benjamin Lambot, Stepan Polyak, Marko Stanoyeviç, Rəşad Eyyubov, Samir Zərgərov, Draqan Çerandan ibarət ilk 11-ə şans verib. Ancaq Zaqatala təmsilçisi oyuna üstün başlasa da, rəqib ilk qol vəziyyətindən müsbət yararlanıb. Künc zərbəsindən sonra komandamız hesabda məğlub duruma düşüb. Bundan sonra hücuma atılan "Simurq", əks-hücumda tutulub. Nəticədə fasiləyə Zaqatala təmsilçisi 2:0 hesabı ilə məğlub yollanıb. İkinci hissədə heyətdə dəyişiklik edən baş məşqçi Amil Ağacanov, Stepan Polyak, Benjamin Lambotun əvəzinə Rəşad Əzizli, Elnur Abdullayev, Əli Gökdəmiri meydana buraxıb. Ancaq bu dəyişiklikdə "Simurq"un hesab arasındakı fərqi azaltmağına imkan verməyib. Üstəlik 64-cü dəqiqədə rəqib penaltidən növbəti qolu vurub. Antalyada üçüncü yoldaşlıq görüşündə 3:0 hesabı ilə məğlub olan "Simurq", bu gün bir məşqlə hazırlığı davam etdirəcək.