“Doğma dildə söyüş eşidən kimi hakimlər özlərini itirirlər”
Xaqani Məmmədov: “Bunun üçün bizlərə göstərilən diqqət və qayğıdan razıyıq”
16 Yanvar 2015 16:59 İdman"Hakim də insandır və o da səhv edə bilər, bəzən bir epizoda təkrar-təkrar baxıb qərar verə bilmirik". "Olaylar"ın məlumatına görə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov AFFA-nın rəsmi saytına müsahibəsində belə deyib. "Amma hakim bir neçə saniyə ərzində qərar qəbul etməlidir. Təbii ki, bu halda səhvə yol verən də ola bilər. Əsas məsələ odur ki, bu səhvlər qərəzli olmasın. Bizim məqsədimiz belə səhvlərin minimuma endirilməsi, olmamasıdır" - deyə X.Məmmədov qeyd edib. Antalyada hakimlətin hazırlıq toplanışında diqqət çəkən X.Məmmədov referilərimizin fiziki-taktiki hazırlığın qaydasında olduğunu deyib: "Burada çox gözəl oyunlar idarə edirlər. Çempionatda da müsbət mənada fərqlənirlər. Psixoloji hazırlıq cəhətdən müəyyən çatışmazlıqlar olduğunu etiraf edirəm. Oyunlarda bir balaca təzyiq olanda və ya doğma dildə söyüş eşidəndə bəzi hakimlərimiz özlərini itirirlər. Psixoloji hazırlığa da önəm veririk. Ümid edirəm ki, ikinci yarıda hakim səhvləri ya minimuma enəcək ya da heç bir səhv olmayacaq". Xaqani Məmmədov yanvarın 21-dən hazırlıq prosesinə UEFA təmsilçisi Aleksey Spirin də qoşulacağını açıqlayıb. "Onunla telefon vasitəsilə əlaqə saxladığım zaman qeyd etdi ki, UEFA-da ən cox gənc hakimlərin Azərbaycanda olduğu bildirilir. Bu da bizlər üçün çox müsbət məsələdir. Nəsillərin bir-birini əvəzləməsi prosesi uğurla davam edir. Azərbaycan hakimlərinin xoş soraqlarını yaxın vaxtlarda tez- tez eşidə biləcəyik. Bunun üçün bizlərə göstərilən diqqət və qayğıdan razıyıq. Artıq bir neçə ildir ki, ildə iki dəfə təlim-məşq toplanışı keçirik. Hakimlərimiz müxtəlif ölkələrdən gələn klubların oyunlarını idarə edirlər, dünyagörüşləri, təcrübələri artır. Bir sözlə, bu toplanışların işimizə çox xeyri dəyəcək" - deyə o, vurğulayıb.