“FIFA Fair Play mükafatı” FIFA könüllülərinə təqdim olunub

Yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçirilmiş "FIFA Ballon d'Or 2014" tədbirində 1987-ci ildən bəri  hər il müxtəlif fan-klublar, assosasiyalar və fərdi oyunçulara verilən FIFA Fair Play mükafatı bu dəfə FIFA könüllülərinə təqdim olunub. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mükafatı FIFA-nın baş katibi Cerom Valk təqdim edib. O, çıxışında: "Qürur hissi ilə bildirmək istərdim ki, minlərlə könüllülər bizim üçün örnəkdir. Onlar öz vaxtlarını və enerjilərini sərf edərək bizə Dünya Çempionatlarını daha da yaxşı keçirmək üçün kömək edirlər. Könüllülər bizim turnirlərə həvəs və hərarət qatırlar. Onlar turnirlərimizi xüsusi töhfə verirlər və bu ruhlandırıcı şəxslər olmasa, biz tədbirlərimizi dünyaya istədiyimiz kimi sərgiləyə bilməzdik" - deyə bildirib. Xatırladaq ki, 2011-ci ildən başlayaraq AFFA-nın Könüllülük Proqramı həyata keçirilməkdədir. Ölkəmizdə futbol sahəsində könüllülüklə bağlı indiyə qədər keçirilmiş ən irihəcmli tədbir FIFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 olub. Çempionat ərzində 14 bölmədə 1100-dən çox könüllü iştirak edib. Beynəlxalq səviyyədə futbol könüllülüyünün inkişafına töhfə olaraq 2014-cü ilin mayında AFFA-nın təşkilatçılığı ilə 8 xarici ölkəni təmsil edən beynəlxalq səviyyəli spikerlərin iştirakı etdiyi Beynəlxalq Futbol Könüllülüyü Forumu keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31