Prosineçki: “Azərbaycan yığmasının parlaq gələcəyi var”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki UEFA-nın rəsmi saytına müsahibə verib. AFFA-nın rəsmi saytı həmin müsahibəni yayımlayıb. O, Azərbaycan millisinin çalışdırmasının böyük layihə olduğunu deyib. Prosineçki komandasının parlaq gələcəyinin olduğunu da deyib. Məşqçi əsas vəzifəsinin liderlərlə mübarizə apara biləcək rəqabətədavamlı komanda yaratmaq olduğunu açıqlayıb: "Azərbaycanda görülməli işlər çoxdur. Bunun üçün hər cür şərait də var. Bosniyanın güclü çempionatlarda oynayan çoxlu futbolçuları var, lakin Azərbaycan yığmasında işləmək perspektivi məndə xoş təəssürat oyatdı. Özü də məsələ təkcə pulda deyil. Ümumiyyətlə, futbolda pul hər şeyi həll etmir. Daha vacib olan şeylər var". Xorvat məşqçi Azərbaycan çempionatının səviyyəsinin yüksək olduğunu vurğulayıb. Premyer Liqanın maraqlı keçdiyini deyən Prosineçki qeyd edib ki, çempionatda 3-4 yaxşı çıxış edən komanda var. "Məsələn, "Qarabağ"ı götürək. Bu komanda Avropa Liqasında qrupdan çıxmağın bir addımlığında dayandı. Heyətində Reynaldo və Riçard Almeyda kimi güclü legionerlər var. Belə usta futbolçularla birgə oynamaqla yerlilər daha güclü və təcrübəli olacaqlar. Legionerlərə tətbiq edilən limit də xoşuma gəlir. Hər klubun heyətində 5 yerli futbolçu oynamalıdır ki, onlardan da ikisi 21 yaşadək olmalıdır. Əsas odur ki, meydana çıxan 6 legioner yerlilərdən yüksək səviyyəli olsunlar. Onlar nə qədər yaxşı olsalar, yerlilər bir o qədər tez inkişaf edəcəklər". O, Azərbaycanla bağlı da təəssüratlarını açıqlayıb. "Azərbaycan və paytaxtı mənim çox xoşuma gəlir. Bakı xüsusi arxitekturaya malik gözəl şəhərdir. Bura böyük sürətlə inkişaf edir. Yatırılan böyük investisiyalar özünü göstərir. Ailəmi bura gətirməyim də bu ölkəni nə dərəcədə bəyənməyimin bir göstəricisi sayıla bilər. Qızlarım Bakıdakı məktəbdə təhsil alacaqlar. Burada yaxşı həyat tərzi sürmək üçün hər şey var. Etiraf edim ki, Azərbaycanın bu dərəcədə gözəl olacağını təsəvvür etmirdim. Gözlədiyimdən də artığının şahidi oldum" - deyə Robert Prosineçki qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31