Qalaktionov: “Azərbaycan yığması fiziki cəhətdən Rusiyadan güclüdür

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə yanvarın 4-də keçirilmiş Azərbaycan - Rusiya-2 oyunundan sonra hər iki komandanın baş məşqçisi oyun barədə fikirlərini səsləndiriblər. AFFA-nın rəsmi saytı məşqçilərin mətbuat konfransında səsləndirdiyi fikirləri yayımlayıb.

Mixail Qalaktionov (Rusiya-2 yığmasının baş məşqçisi): "Turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Amma bunu bəhanə gətirə bilmərik. Meydana çıxmışıqsa, uduzmamalıyıq. Komandamın istəyindən, mübarizə əzmindən razıyam. Bu mənada, rəqibin yaxşı oyununu da unutmaq olmaz. Azərbaycan yığması topu özündə çox yaxşı saxlayır. Fiziki cəhətdən də güclüdürlər. Rəqib bizdən 1 yaş böyük olsa da, bu, məğlubiyyət üçün əsas amil deyil. Öz meydanımızda oynayırdıq. Ona görə də qələbə qazanmaq istəyirdik".

Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): "Komandamın oyunundan razıyam. Dünən çətin oyun keçirmişdik. Bu gün futbolçularımızın yorğun ola biləcəyini düşündüyümüz üçün qarşılaşmadan əvvəl bir qədər narahat idik. Amma yorğunluğa baxmayaraq, bu gün yaxşı oyun göstərdik. Ardıcıl ikinci qələbəmizi qazandıq. Bu, 4 illik işimizin bəhrəsidir. Rəqib də yaxşı təsir bağışladı. Məqsədimizdə dəyişiklik yoxdur. Hər dəfə növbəti oyun haqda düşünürük". ("OLAYLAR İA")
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31