“Qəbələ”dən 3 qızıl, 4 gümüş və 4 bürünc medal

"Qəbələ" İdman Klubunun taekvondo bölməsi 2014-cü ilə major notlarla yekun vurub. Gənclərin və böyüklərin ölkə birinciliyi və çempionatında iştirak edən komanda ümumilikdə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb. "Qəbələ" FK-nın rəsmi saytının verdiyi məlumata görə, gənclərin yarışında Aleksandra Nəzərova (52 kq) "Qəbələ"yə qızıl medal qazandırıb. İdmançılarımız - İlham Əliyev (45 kq), Nicat Əsgərli (63 kq) və Orxan Tağızadə (+78 kq) yalnız finalda uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Əli Məmmədov (51 kq) və Səbinə Hacıəliyeva (59 kq) turniri bürünc medalla yekunlaşdırıb. Yekunda gənclər komandamız birinciliyi 5-ci pillədə bitirib. Böyüklərin çıxışını daha uğurlu hesab etmək olar. Aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc yazan idmançılarımız komanda hesabında 3-cü yeri tutublar. Gənclər arasında Avropa və dünya çempionu Məhəmməd Məmmədov (58 kq) bu turniri də qızılla yekunlaşdırıb. Digər qızılı isə Ceyhun Həsənli (+87 kq) qazanıb. Böyüklərdə yeganə gümüşü Günay Ağayeva (53 kq) öz boynunda asıb. Vüsal Məmmədov (54 kq) və Elvin Məmmədov (74 kq) bürünc medala sahib çıxıblar. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31