“Qəbələ” idmançıları mükafatlandırdı

"Qəbələ" İdman Klubu 2014-cü ilin yekunları ilə bağlı tədbir keçirib. Tədbiri giriş sözü ilə "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov açaraq, 2014-cü ilin klub üçün uğurlu olduğunu bildirib. Nəcəfov "Qəbələ"nin idmançılarına qatılacaqları bütün yarışlarda uğurlar arzulayıb. Klubun rəsmi saytının verdiyi məlumata görə, görüşdə "Qəbələ" İdman Klubunun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev də iştirak edib. 2014-cü ildə bu növlərdə əldə olunan uğurlardan danışıb. Belə ki, il ərzində beynəlxalq turnirlər, Qran-Pri yarışları, dünya və Avropa kuboklarında dəfələrlə mükafatçılar sırasına düşən klubun üzvləri rəsmi dünya və qitə çempionatları, həmçinin birinciliklərində 9 medala yiyələnib. Bunlardan 3-ü qızıl, 2-si gümüş, 4-ü bürünc olub. Tədbir 2014-cü ildə uğur əldə edən idmançıların mükafatlandırılması ilə davam etdirilib. İdmançılardan Mehman Sadıxov (cüdo, dünya və Avropa çempionatının mükafatçısı), Məhəmməd Məmmədov (taekvondo, dünya çempionu), Nərgiz Mirzəyeva (taekvondo, dünya çempionatının mükafatçısı), Məhəmmədəli Tahirov (boks, Avropa çempionatının mükafatçısı), baş məşqçilər Rauf Aydınov (boks), Səbuhi Zülfüqarov (taekvondo), Ramil İsmayılov (cüdo), məşqçi Rəşad Məmmədov (cüdo) 2014-cü ildə əldə olunan nailiyyətlərə görə mükafatlandırılıb. Müxtəlif səbəblərdən tədbirə qatıla bilməyən cüdoçu Uşangi Kokauri (Avropa çempionatının mükafatçısı), Qəbələ şəhərindəki bölmələrin məşqçiləri Rail İsmayılov (cüdo) və Ramiz Mirkamilov (boks) da ilin yekunlarına əsasən mükafata layiq görülənlərin siyahısında yer alıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31