Leroy Corc: "Bu suala baş məşqçi cavab verib"

“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corcun apasport.az saytına müsahibəsi

- "Qəbələ"yə məğlubiyyətdən sonra bu oyuna maraq artmışdı. Hər kəs düşünrdü ki, "Qarabağ" psixoloji baxımdan gərginliyi üzərindən ata biləcəkmi. Qələbə qazandığınız oyun haqda nə deyə bilərsiniz?

- Çətin, ağır bir oyun idi. Erkən qol vurmağımız ümidimizi artırdı. Amma ardıcıl səhvlər üzündən top buraxdıq. Fasiləyə də 1:1 hesablı heç-heçə ilə yollandıq. İkinci hissənin əvvəlində hesabda geri düşsək də, xarakter nümayiş etdirib, qələbə qazandıq.

- "Xəzər Lənkəran" "Qarabağ"a kifayət qədər müqavimət göstərə bildimi?

- Rəqib güclü idi. Heyətində yaxşı futbolçular var. Bu gün də əla oynadılar. Şanslı günümüz idi, əlimizə düşən fürsətlərdən istifadə etdik. Buna görə də qələbə qazandıq.

- Cənub klubu tərəf sizin üstün olduğunuza görə deyil, özlərinin səhvləri üzündən uduzduqlarını düşünürlər. Bununla razılaşırsınızmı?

- Qollara baxılarsa, biz öz bacarığımız hesabına onların qapısına yol tapmışıq. O cür yanaşılsa, rəqib də bizim səhvlərdən istifadə edib.

- Bu qələbə sayəsində Milan "İnter"i ilə matçda baş verənlərin gərginliyini atdığınızı düşünmək olarmı?

- "İnter"lə oyundan sonra bir neçə gün həmin görüş haqda düşündük. Ancaq hər şeyi yaddan çıxarıb, çempionatdakı yolumuza davam etməliyik. Çünki yenidən ora yollanmaq üçün daxili yarışda yüksək yer tutmalıyıq.

- Həmin qarşılaşmada baş verənlərlə bağlı UEFA-ya şikayət etmisiniz. Ali futbol qurumu "Qarabağ"ın haqqını bərpa edəcəyinə ümidiniz varmı?

- Bu suala lazımi cavabı baş məşqçimiz verib. Bu mənim işim deyil.

- Həm ölkə başçısı, həm də xalq "Qarabağ"ı qalib kimi qarşıladı. Bu dəstək komandaya psixoloji gərginliyi üzərindən atmağa yardım göstərdimi?

- Hər kəs Avropa Liqasındakı oyunumuzdan razı qalıb. Ancaq bu mərhələ başa çatdı. Biz çempionatdakı çıxışımızı uğurla davam etdirməliyik. İndi diqqətimizi buna yönəltmişik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31