Britaniya səfirliyi Bakıda futbol yarışı keçirdi
15 Dekabr 2014 17:13 İdmanBöyük Britaniyanın Azərbaycandakı səfirliyi, AFFA və "Bakcell" şirkətinin dəstəyi ilə ''Britaniya komandası'' və ''Qarabağ'' futbol klubu arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 6:6 hesabı ilə başa çatıb. AFFA-nın rəsmi saytının məlumatına görə, "Bayıl Arena" da keçirilən oyunda 13 yaşlı oyunçular iştirak edib. Qeyd edək ki, "Britaniya komandası"nı Bakcell şirkətinin təşkil etdiyi Mançester Yunayted Yay Futbol Məktəbini müvəffəqiyyətlə bitirən istedadlı uşaqlar və Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq təmsil edib. "Qarabağ"da isə U-13 komandası ilə yanaşı klubun vitse-prezidenti Tahir Gözəl, icraçı direktor Emrah Çelikəl və AFFA tərəfindən təyin olunmuş texniki direktor Jon van Loen forma geyiniblər. Tədbirin məqsədi 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı əsgərlər arasında oynanılan ilk futbol oyununun 100 illiyini qeyd etmək olub. Həmin vaxt bir-birinə əks cəbhədə vuruşan əsgərlər bir anlıq müharibəyə fasilə vermiş, mahnılar oxumuş, hədiyyələr paylaşmış və rəmzi olaraq futbol oynayıblar. ("OLAYLAR" İA)