12 il əvvəl və indi: “Qarabağ”ı İspaniyanın vəziyyətinə saldılar

Dünən Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Bakıda keçirilmiş "Qarabağ" - "İnter" qarşılaşmasının 94-cü dəqiqəsində Riçard Almeydanın hesaba alınmayan qolunun şokundan hələ də ayılmamışıq. Çex hakimin timsalında ədalət təmsilçilərinin insanı şoka salan qərarları nə birincidir, nə də sonuncudur.  Lent.az-ın məlumatına görə, 2002-ci ildə Uzaq Şərqdə, Yaponiya və Cənubi Koreyada keçirilən ilk və sonuncu müştərək dünya çempionatına hakimlər öz damğasını vurub. 2:1 hesabı ilə başa çatan Braziliya-Türkiyə oyununda Rivaldonun aktyorluğuna görə meydandan qovulan Hakan Ünsalı nümunə göstərə bilərik. Bu öz yerində, amma meydan sahibləri Cənubi Koreyanın 1/8 finalda İtaliya, ¼ finalda isə İspaniya ilə qarşılaşmalarda yaşananlar, hakimlərin dünyanın gözü qarşısında qəbul etdikləri ədalətsiz qərarlar hələ də yaddaşlardan silinməyib. Cənubi Koreya - İtaliya matçının baş hakimi ekvadorlu Bayron Morenonu İtaliyanın qapısına mübahisəli penalti təyin edib, Françesko Tottini də simulyasiyaya görə meydandan qovub. Bundan başqa, Bayron Moreno oyunun əlavə hissəsində qapıçını da aldadaraq topu baş qapıya yollayan Damiano Tomazzinin təmiz qolunu ofsayd olduğu üçün hesaba almayıb. Oyunu 2-1 hesab koreyalıların qələbəsi ilə başa çatıb. Yenə Cənubi Koreya, yenə hakim özbaşınalığı. Cənubi Koreya - İspaniya matçının baş hakimi misirli Camal Qandur da ekvadorlu həmkarından geri qalmayıb. Misirli baş hakim İspaniya yığmasının vurduğu iki təmiz qolu qeydə almayıb. Bir sözlə, oyun boyu meydan sahiblərinin lehinə qərarlar çıxaran baş hakimin İspaniyanın məğlubiyyətində "böyük fədakarlıq" göstərib. Matçın ikinci hissəsinin əvvəllərində İspaniyanın cərimə zərbəsindən Cənubi Koreyanın qapısına yolladığı topu Kim Tae-Younq öz qapısına göndərsə də, hakimlər Fernando Morientesin ofsaydda olduğunu əsas gətirərək qolu hesaba almayıblar. Eynən "Qarabağ"-"İnter" matçında olduğu kimi... Matça əlavə olunmuş dəqiqələrdə isə Xoakin Sançezin asmasını başla Cənubi Koreyanın qapısına göndərən Fernanado Morientesin də qolu sayılmayıb. Səbəb kimi, topun meydan xəttini keçdiyi bəhanə gətiriblər. Penalti zərbələrinə qədər uzanan matçı meydan sahibləri qazanıb. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatı da hakim səhvləri ilə müşahidə olunub. Dünya çempionatının ən yaddaqalan oyunu 1/8 final çərçivəsində keçirilmiş Almaniya-İngiltərə oyunu olub. İngiltərənin yarımmüdafiəçisi Frank Lempardın oyunun 37-ci dəqiqəsində vurduğu zərbə qapının üst dirəyinə dəyəndən sonra qapı xəttini keçib. Lakin, çox keçmədən baş hakim futbolçular və azarkeşlər qol sevincini gözündə qoyub. Həmin an ilk ağla gələn azərbaycanlı hakim Tofiq Bəhramov olub.   
Bundan başqa, 2010-cu il dünya çempionatında üçüncülük uğrunda keçirilən Uruqvay-Almaniya oyununda Bastian Şvaynştaygerin zərbəsini qapıçı Muslera qaytarandan sonra boş qalan topu Tomas Müller tora qovuşdursa da yan hakim bayrağını havaya qaldırıb. Bu il Braziliyada keçirilən dünya çempionatının A qrupundan Meksika və Kamerun yığmalarının oyununda Covanni Dos Santosun qolu ofsayd olduğu üçün ləğv edilib. Epizoda təkrar baxan zaman meksikalı futbolçunun ofsaydda olmadığı açıq-aşkar görünüb. Belə oyunlardan sonra isə ilk ağla gələn o olur ki, görəsən oyunu yenidən keçirmək olarmı? Hər halda futbolda belə bir ilk yaşanmayıb. Yəqin ki, bunun da bir mistikası olmamış deyil...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31