Napoleondan “Qarabağ”adək dəyişən reallıqlar

Şimali Afrikaya hücuma hazırlaşan Napoleon Bonapart, bir müddət savaşacağı xalqların xüsusiyyətlərini öyrənməyə çalışır. Uzun araşdırmaların ardından, sərkərdələrini toplayıb, fikirlərini bölüşür. Napoleonun nə qədər dahi şəxsiyyət olduğunu həmin toplantıda işlətdiyi bircə fikirlə dərk etmək olar: "Bir fransız bir müsəlmana, on fransız on müsəlmana heç vaxt qalib gələ bilməz. Yüz fransız isə min müsəlmanı darmadağın edə bilər". Napoleon iddiasını onunla əsaslandırıb ki, müsəlmanların mütləq əksəriyyətinin fərdi xüsusiyyəti olduqca yüksəkdi. Məhz bu amil onların hər birində liderlik istəyi yaradır ki, buda sonda onlar arasında birlik yaranmasına mane olur...

İlin-günün bu vaxtı Napolenu yad etməyim əbəs deyil. Çünki məhz cari mövsümdə Azərbaycan xalqının müsəlmanlara xas bu neqativ xüsusiyyətdən azacıq olsa da, uzaqlaşdığını, ən azından uzaqlaşa biləcəyini gördük. "Qarabağ"ın sayəsində. Gördüyümüz çox yeniliyin arasında ən çox nəzərə çarpanı bu oldu. Anladıq ki, bir ola bilərik, yumruq şəklində birləşə bilərik və ən nəhayət, daim var ola bilərik. Böyüyüb yaşaya bilərik. Bu, dövlətçilikdə, millətçilikdə çox böyük irəliləyişdi. Qalib gəldik, lakin rəsmiləşdirə bilmədik. Çünki görüləsi iş hələ çoxdu. Çox iş görməliyik ki, çalınan fitlər amalımıza çatmamıza əngəl olmasın. Həm özümüz, həm də dövlətimiz hədəfinə çatsın. Son 20 ildə qət etdiyimiz yol, qət etməli olduğumuz məsafənin yalnız bir hissəsidi. Büdrəyə-büdrəyə, yıxıla-yıxıla, iməkləyə-iməkləyə irəliləyirik. Çox şükür ki, çətinliklərə rəğmən irəliləyirik, geriləmirik. "Qarabağ"ın sayəsində kuboku başımız üzərinə qaldıra bilməsək də, uğurumuzla, adımızla, iddiamızla "köhnə dünya"nın yeni sakini olmamıza rəğmən, köklü əslin, köklü nəslin övladları olduğumuzu hər kəsə göstərdik. Dünyaya səs saldıq ki, Azərbaycan adlanan dövlətimiz var. Onun uğrunda mübarizə apardığımızı hər kəsə duyurduq. "Qarabağ" adlanan klubumuzu sonadək dəstəkləməklə, ona güvənməklə QARABAĞ uğrunda son anadək var olacağımızı dosta-düşmənə göstərdik...

Artıq bütün dünya Azərbaycan deyərkən, yalnız neft-qazı, təbii sərvəti olan məmləkət deyil, inadı, mübarizliyi və mədəniyyəti olan insanlarını da yada salacaq. Çünki "İnter" matçındakı hakim ədalətsizliyi fonunda heç bir barbarlıq etməyən, səviyyəsini qorumağa çalışan bəlkə də tək millət bizik. Dünyanın mədəniyyət mərkəzləri hesab olunan məkanlarında belə stadiona toplaşan kütlə belə mədəni davrana bilməzdi. Əhsən, bu millətə!
Avropada mövsüm bizim üçün bitdi. Günəşin hər qürubu onun yenidən doğacağına işarədi. Yəni, hər şey hələ qabaqdadı. Varlığımızla, mübarizliyimizlə və mədəniyyətimizlə hələ bu dünyaya çox şeylər qazandıracağıq. Əmin olun, güvənin!
"Qarabağ"ın başarısına gəlincə, tikilən binanın təməli sağlam olanda, daşları yerinə qoyulanda, onun uçması mümkün deyil. Sağlam mühit, sağlam idarəçilik və sağlam düşüncə uğuru labüd edər, qaçılmaz edər. Başarıda məşqçilər korpusunun, özəlliklə Qurban Qurbanovun, futbolçuların rolu nə qədərdisə, onlara uğur qazanmaq üçün zəmin yaradan klub rəhbərliyinin rolu bir o qədərdi. Millətin və dövlətin rolu isə müqayisə olunmayacaq qədər böyükdü. "Başınız sağ olsun!", "keçmiş olsun!" deməyə heç bir lüzum yoxdu. Sadəcə, "qəzanız mübarək!" demək lazımdı. Çünki "hər ziyanın bir xeyiri var" deyən ataların övladlarıyıq. Çünki bəşəriyyət var olan gündən indiyədək dövlətləri, imperiyaları sıralayan ataların övladlarıyıq. Çünki gələcəyi və uğurları irəlidə olan xalqın övladlarıyıq. Və ən nəhayət, çünki AZƏRBAYCANIMIZIN övladlarıyıq.

TƏŞƏKKÜRLƏR "QARABAĞ", TƏŞƏKKÜRLƏR AZƏRBAYCAN!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31