“Hakim bizi göyün yeddinci qatından yerə çırpdı”
Sənan Şəfizadə: “Qol vurulduğunu elan etməyə hazırlaşdığım zaman Almeydanın üzüntüsü, İlqar Qurbanovla Rəşad Sadıxovun məyus olmasını görmək dəhşətli anlar idi”
12 Dekabr 2014 11:20 İdman"Əsas vaxt başa çatandan sonra, azarkeşlərə təşəkkür etmək üçün meydanın yaxınlığına gəldim. Bu an "Qarabağ" hücum edir və qol vurulur". "Olaylar"-ın məlumatına görə, belə bir fikirlə futbol şərhçisi, tele-aparıcı Sənan Şəfizadə çıxış edib. "Həmin anı yaxından izlədiyim üçün əminliklə offsayd olmadığını deyə bilərəm. Baş hakim qərar verməkdə çətinlik çəkdi, bir qədər gözlədi və sonra qolu saymadı. Həmin 15 saniyə zamanı biz pley-off sevinci yaşadıq. Sonradan göyün yeddinci qatından yerə çırpıldıq. Qol vurulduğunu elan etməyə hazırlaşdığım zaman Almeydanın üzüntüsü, İlqar Qurbanovla Rəşad Sadıxovun məyus olmasını görmək dəhşətli anlar idi. İnanmırdım ki, belə ola bilər. Axı biz bunu uzun illər gözləyirdik. Biz inanırdıq. 32 min azarkeşin qarşısında qolumuzu saymadılar. Futbolçular hakimə başa salmağa çalışırdı, amma hamımız əlacsız idik. Heç kim hakimə inanmaq istəmirdi, son dəqiqələrdə qazandığımız tarixi qələbəni əlimizdən aldı. Bəlkə də o qol olmasaydı bu qədər danışmazdıq, amma o qol var idi. "Qarabağ" seçmə mərhələlərdə ardıcıl mübarizə aparandan sonra qrup mərhələsinə vəsiqə qazandı. Belə davam etsə komanda tezliklə Avroliqada pley-offda da olacaq. Bu komanda hər bir uğura addım-addım irəliləyir. Hər şeyə görə təşəkkürlər "Qarabağ". Bizimlə olduğunuz üçün çox sağ olun əziz azarkeşlər. Siz doğurdan çox möhtəşəm idiniz".