"Qalatasaray": 4 alnımıza yazılıb!

Dünən Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib. Qol.az  xəbər verir ki, A, B, C və D qruplarının görüşləri oynanılıb.

A qrupunda "Yuventus" evdə "Atletiko"nu qonaq edib. Artıq Madrid klubu "pley-off"a vəsiqəni təmin edib. "Yuventus" isə 1/8 finala çıxmaq üçün ən azı "Atletiko"dan bir xal almalı idi ki, bunu da bacarıb - 0:0. Qrupun digər oyununda "Olimpiakos" evdə "Malmö"yə 4:2 hesabı ilə qalib gəlib.

B qrupunda "Real" "Ludoqorets"i öz meydanında 4 cavabsız qolla məğlub edib - 4:0. "Liverpul" isə "Bazel"i qəbul edib. Doğma meydanda "Bazel"lə 1:1 bərabərə qalan Liverpul təmsilçisi qrup mərhələsini 3-cü pillədə başa vurub.

C qrupunda "Zenit" "Monako"nun qonağı olub. Görüş Peterburq təmsilçisinin 0:2 hesablı məğlubiyyətilə başa çatıb. "Benfika" isə evdə "Bayer" (Leverkuzen) klubu ilə 0:0 bərabərə qalıb. Maraqla gözlənilən oyunlardan biri də İstanbulda baş tutub. Burada "Qalatasaray" "Arsenal"ı qəbul edib. Qrup mərhələsində qələbəyə həsrət qalan və autsayder olan "Cim-bom" bu görüşdə təsəlli qələbəsini qazanmağa çalışsa da, bunu bacarmayıb - 1:4. Qrupun digər oyununda Dortmund "Borussiya"sı "Anderlext"i qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, dünən keçirilən 8 oyundan sonra "Atletiko" (Madrid, İspaniya), "Yuventus" (İtaliya), "Real" (Madrid, İspaniya), "Bazel" (İsveçrə), "Monako" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Arsenal" (İngiltərə) klubları 1/8 finala yüksəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31