Azərbaycan çempionatına əcnəbi hakimlər cəlb olunacaq

13-15 dekabr 2014-cü il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Federasiyadan Trend-ə verilən məlumata görə, bununla yanaşı, görüşlərin obyektiv və ədalətlə idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimlərinin də köməyindən istifadə olunacaq. Belə ki, artıq Azərbaycan çempionatında ədaləti qorumaq üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim ölkəmizə dəvət edilib. Xüsusilə prinsipial qarşılaşmalarda onların xidmətindən istifadə ediləcək. Xatırladaq ki, Azərbaycan Güləş Federasiyası əvvəllər də ölkə çempionatının yüksək səviyyədə təşkili üçün əcnəbi hakimləri yarışlara cəlb edib. Proqrama əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70 və 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Dekabrın 14-də 86, 97 və 125 kq sərbəst, 59, 66 və 71 kq yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar. Yarışlar hər gün saat 10:00-da başlayacaq. Çempionatın rəsmi açılış mərasimi dekabrın 13-də saat 17:00-da keçiriləcək. AGF azarkeşləri güləşçilərimizə dəstək olmağa çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31