""İnter"in ikinci heyətilə oynamaq daha ağır olacaq"

Azərbaycan Premyer Liqasının dünən keçirilən "Qarabağ" - "Neftçi" matçından (0:0) sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərlə görüşüb. Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bu matç, İtaliya "İnter"i ilə dekabrın 11-də keçiriləcək qarşılaşma və Robert Prosineçkinin millimizin baş məşqçisi vəzifəsinə təyinatı ilə bağlı fikirlərini bildirib.

- Əvvəlcə bugünkü görüşlə bağlı fikirlərini öyrənmək istərdik.

- Çox çətin oyun keçdi. Hər iki komanda oyuna ehtiyatla başladı. Nəticə oyuna görə oldu. Bir xal bizim üçün pis deyil. "Neftçi"dən xal aldığımız oyunu uğursuz adlandırmaq olmaz.

- Artıq "İnter"lə Bakıda keçiriləcək oyunu düşünmək olarmı?

- "Sent-Etyen"lə səfər matçından sonra milli çempionatda iki ağır oyun keçirdik. Avropa Liqasında "İnter"lə keçirəcəyimiz oyun barədə düşünməyə vaxtımız az idi. Bilirik ki, bizi çox ciddi oyun gözləyir. Bu qarşılaşmanın məsuliyyətini indidən dərk edirik. Daxili çempionatda qələbə qazanmaq çox çətin olur, nəinki Avropa Liqasında. Ona görə də bilirik ki, "İnter"lə qarşılaşma çox ağır keçəcək. Əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq.

- "İnter"in əsas heyət futbolçularının bir neçəsini Bakıya gətirməyəcəyi ilə bağlı məlumatlar yayılıb...

- Bu haqda məlumatımız var. Amma elə düşünün ki, "İnter"in ikinci heyətilə oynamaq daha ağırdır. Çünki əgər oynamayan futbolçulara şans versələr, onlar baş məşqçinin etibarını qazanmaq üçün özlərini göstərməyə çalışacaq və daha istəkli oynayacaqlar. Ümumiyyətlə, hansı heyətlə oynayacaqlarından asılı olmayaraq, bizi ağır oyun gözləyir.

- Komandanızda zədəli futbolçuların olması sizə problem yaratmayacaq?

- Əsas heyətimizin bir neçə futbolçusu zədəlidir. Emeqara isə çempionatda oynasa da, Avropa Liqasında bizə kömək edə bilmir. Bu da əlavə çətinlikdir.

- Bədavi Hüseynovun zədəsi ciddidir?

- Bədavi ağrıya dözümlü futbolçudur. Onun ayağını tutub oyundan çıxmasının ilk dəfə şahidi oldum. Zədəsinin nə dərəcədə ciddi olub-olmaması yaxın günlərdə aydınlaşacaq.

- "Qarabağ"a "İnter"lə oyun öncəsi təzyiqlər varmı?

- "Sent Etyen"lə matçdan sonra "Simurq"və "Neftçi"yə qarşı ağır oyunlar keçirdik. Bu səbəbdən təzyiqlər az idi. Amma "İnter"lə oyun öncəsi təzyiqlər olacaq. Bu isə bizə ziyan vura bilər. Biz öz azarkeşlərimiz önündə oynayacağıq və hər birimiz bu məsulliyyəti hiss edirik. Gəlin bir az səbirli olaq.

- "İnter"lə oyunu sizin karyeranızın ən önəmli qarşılaşması hesab etmək olarmı?

- Önəmlidir oyundur. Amma karyeramın ən önəmli qarşılaşması deməzdim. Bundan öncə bir çox vacib oyunlarım olub. Bunlar arasında builki "Tvente" ilə cavab qarşılaşmasını deyərdim. Çünki ilk dəfə qrup mərhələsində oynayacaqdıq. Bundan başqa, milli komandanın heyətində də bir çox belə oyun olub.

- Milli demişkən, Robert Prosineçkinin təyinatı ilə bağlı fikirlərin necədir?

- İlk növbədə ona uğurlar arzulayıram. Bütün oyunlara gəlməsindən, futbolçulara göstərdiyi diqqətdən sonra inanıram ki, millimizlə uğur qazana biləcək. Prosineçkinin hücum futbolunu seçməsi bizim üçün yenilik olacaq. Amma bütün bunlar heç də asan olmayacaq. Çünki qrup oyunları çox çətin olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31