Futbol əfsanəsinə möhtəşəm jest

Fransa millisinin baş məşqçisi Didye Deşam futbol karyerasına son verməyə yaxın olan Tierri Anri üçün vida matçı təşkil etmək barədə düşünəcəyini bildirib. Fransanın uğurlarında özünəməxsus pay sahibi olan Anriyə bu cür jest edilməsi təklifi əvvəlcə Zinəddin Zidan, dünən isə Arsen Vengerdən gəlmişdi. Hər iki mütəxəsis, veteran hücumçunun martda baş tutacaq Fransa - Braziliya yoldaşlıq görüşünə çağırılması fikrini irəli sürüb. "Anri mövzusu mediada əsas müzakirə mövzusuna çevrilib. Tierri başqaları kimi, Fransa millisində tarixə keçməyi bacarıb. Vida oyunu haqqında düşünə bilərik. Bu ideyanı Federasiya prezidenti ilə müzakirə etmək üçün vaxt lazımdır. Qərar sabaha, yaxud birisi günə verilməyəcək".  Goal.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam söyləyib. O, məsələ ilə əlaqədar Federasiyaya təzyiq göstərməyəcəyini də əlavə edib. Anri sonuncu dəfə Fransa millisində 2010-cu ildə forma geyib. O, 1997-ci ildən bəri çıxış etdiyi yığmada 123 oyuna 51 qol vurub. Karyerası ərzində "Monaco", "Juventus", "Arsenal", "Barcelona" kimi klubların şərəfini qoruyan Anri gələcəyi ilə bağlı son qərarını dekabrın 31-i verəcək. Qeyd edək ki, hazırda Fransa milli komandasının baş məşqçisi Didye Deşam Anri ilə birlikdə 1998-ci il Dünya çempionatı və AVRO-2000-in qalibi olmuşdu. Deşam həmin vaxtlar Fransanın əsas kapitanı idi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31