"Simurq"dan vaxt istəyib, paytaxta göz dikdi
5 Dekabr 2014 18:30 İdman"Simurq" klubu ilə müqaviləsi qışda başa çatacaq futbolçuların gələcək taleyi hələ müəyyənləşməyib. Apasport.az xəbər verir ki, buna baxmayaraq, zaqatalılar əsas heyət oyunçusu Benjamin Lambotla yeni sözləşmə imzalamaq niyyətindədirlər. Artıq belçikalı yarımmüdafiəçi ilə danışıqlara start verilib. Bu məlumatı əməkdaşımızla söhbətində Lambotun özü də təsdiqləyib. 27 yaşlı xavbek cavab vermək üçün rəhbərlikdən vaxt istəyib. Məsələ burasındadır ki, Lambot ailəsindən və Bakıdan uzaqda yaşamaqdan məmnun deyil: "Ailəm Belçikadadır. 3 oğlum var. Onlardan uzaqda yaşamaq asan deyil. Əgər Bakı klublarından birinə keçsəm, mənim üçün asan olar. "Simurq"u bəyənirəm, bu komandada oynamaqdan məmnunam. Sadəcə, problem ondadır ki, klubun təmsil etdiyi şəhər Bakıdan çox uzaqdır. Əgər Bakı komandalarından təklif gəlməsə, mövsümü "Simurq"da bitirə bilərəm".